İpoteka Həyat Sığortası: Boş şeydir deyib, keçməyin!

Mən, Gülzar Həsənli, 29 yaşım var. Yaşıma fikir verməyin – yaşadıqlarım insanı bir neçə il qocaldır.

Həyat yoldaşımı çox sevirdim. Biz bir-birimizi sevərək ailə qurmuşduq. Evliliyimizin ilk ilində xəyal etdiyimiz evi tapdıq və gənc cütlük olaraq həmin mənzili sərfəli şərtlərlə ipoteka krediti ilə aldıq.

Yoldaşım Salman karyerasında uğur qazanmış, məsuliyyətli bir insan idi. İşinə o qədər bağlı idi ki, gecələr belə evdən işləyirdi. Mən isə ana olduqdan sonra karyerama fasilə verərək bütün vaxtımı övladımıza ayırırdım. Bəlkə də ona çox güvəndiyim üçün işləmək barədə düşünmürdüm.

Evi ipoteka götürərkən bank bizə “İpoteka Həyat Sığortası” təklif etmişdi. Həyata həmişə pozitiv yanaşan biri kimi mən bu cür sığortaları əlavə xərc olaraq görürdüm. Düzdür, ipoteka ilə mənzil alarkən bu sığorta növü məcburidir. Amma Salman hər ehtimala qarşı sığortalanmağın tərəfdarı idi. Həmişə “Birdən nəsə olar”, “Hər şey sığortalı olsun” deyirdi.

İşi ilə əlaqədar olaraq tez-tez səfərlərə çıxmalı olurdu və çox zaman qızımla ikimiz evdə tək olurduq. Bu səbəbdən mənzilin sığortalı olması ona da, mənə də müəyyən qədər güvən verirdi.

Lakin bir gün taleyin acı oyunu ilə üzbəüz qaldıq. Salman iş səfəri üçün hava limanına gedərkən ağır yol qəzasına düşdü və aldığı güclü zərbə səbəbindən hadisə yerindəcə dünyasını dəyişdi. Onun yoxluğu mənə hər tərəfdən böyük bir boşluq yaşatdı.

İtkidən sonra ağlıma belə gəlmirdi ki, mənzilimiz sığortalıdır. Kreditin məbləği böyük idi və bir neçə ayı ödəyə bilmək üçün zinət əşyalarımın bir hissəsini satmağı düşünürdüm. Amma elə həmin vaxt həyat sığortası məni elə bir durumda, elə bir məqamda xilas etdi ki, bunu sözlə ifadə etmək çətindir. Mənzilimizin qalan bütün kredit borcunu həyat sığortası üzərinə götürdü.

Həmin dövrdə fikirlərim çox qarışıq idi, yaddaş problemləri yaşayırdım. Sığorta şirkətinin prosesi necə apardığını tam xatırlamıram, amma onu dəqiq bilirəm ki, çox qısa müddətdə ipoteka kreditimizin tam ödənişi həyata keçirildi.

Bu səbəbdən, ipoteka krediti götürən hər kəsə səslənirəm: İpoteka Həyat Sığortasını əsla “boş şey” kimi qiymətləndirməyin. Ola bilsin ki, bir gün bu sığorta sizin və ailənizin ən böyük xilaskarı olacaq.

Related posts

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir

İqtisadçı: Vətəndaşlar valyuta riskindən yayınmaq üçün portfellərini diversifikasiya edirlər

Azərbaycandan ABŞ-yə pul köçürmələri 11 mln. dollaradək artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı