İqtisadçı-ekspert Elman Sadıqov valyuta ehtiyatlarının artım səbəblərini şərh edib

“Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi cüzidir”. 

Bunu AMB-nın sədri Elman Rüstəmov deyib. Baş bankir qeyd edib ki, qurum yalnız bank sektorunun likvidliyini təmin etmək üçün bazara müdaxilə edir və banklara kömək edir: “Məsələn, bankların xarici valyutası var, amma onlara manat lazımdır, bu halda biz onlara dəstək veririk. Həmçinin müəyyən təşkilatlar var ki, Azərbaycana xarici valyutada kredit cəlb edirlər. Bizim də öhdəliyimiz var ki, onlar həmin valyutanı bazarda sata bilməsə, bu məsələdə kömək edək. 

Hətta bu gün Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin realizə edilməsində çətinliklər var. Bu işlərə dəstək vermək və beynəlxalq öhdəliklərimizi yerinə yetirmək üçün valyuta alırıq”. 

Elman Rüstəmovun sözlərinə görə, AMB valyuta ehtiyatlarını getdikcə artırır və hazırda bu rəqəm 6 milyard dollardan çoxdur:

“Hesab edirəm ki, bu ilin sonuna qədər ehtiyatların idarə olunmasından da 200 milyon dollar gəlir əldə edəcəyik”.

İqtisadçı-ekspert Elman Sadıqov valyuta ehtiyatlarının artım səbəblərini “Cümhuriyət” qəzetinə şərh edib. O bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun (SOFAZ) aktivləri hesabına formalaşır:

“Hər iki qurumun valyuta ehtiyatlarının öz məqsədləri var. Dövlət Neft Fondunun valyuta ehtiyatları əsasən neftdən gələn gəlirlərdən formalaşır. Bu vəsaitlərin bir hissəsi gələcək nəsillərə, bir hissəsi isə büdcəyə transfertlər və strateji əhəmiyyətli böyük layihələrin həyata keçirilməsinə sərf olunur. Mərkəzi Bankın valyuta ehtiyatlarının əsas strateji hədəfi monetar siyasətin həyata keçirilməsinə yönəlib. İdxaldan və ixracdan gələn valyutaların satışı və digər əməliyyatlar bank sektorunda, xüsusilə Mərkəzi Bankın həyata keçirdiyi hərraclarda baş verir. Bank sektoru özünə lazım olan valyutanı daxili imkanlar hesabına, yəni valyutadəyişmə məntəqələri, xüsusilə turizmdən gələn gəlirlər və ya əhalinin satdığı valyutalarla ödəyir. Bank sektorunun aldığı valyutanın bir hissəsi idxalda istifadə olunur. Əgər bank sektoruna əlavə valyuta lazım olarsa, hərraclardan əldə edir. Hərraclarda satılan valyuta Dövlət Neft Fondu tərəfindən çıxarılır”.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda dedollarizasiya prosesi gedir: 

“Bu da valyuta ehtiyatlarının artmasına səbəb olan amillərdən biridir. Əhalinin yığımlarında, eləcə də depozitlərdə manatla olan əməliyyatların həcmi artır. Neft də poqnozlaşdırılan qiymət ətrafındadır. Nə ticarət balansında, nə də tədiyyə balansında kəsir var, əksinə, profsit yaranıb. Yəni ölkəyə gələn dollar daha çoxdur. Hazırda hərraclarda təklif olunan dollar tələbdən çoxdur. Əgər hərraclar zamanı təklif tələbdən çox olarsa, dolların kursunun aşağı düşməməsi üçün Mərkəzi Bank intervensiya edib artıq qalan dolları alır. Bu zaman Mərkəzi Bankın valyuta ehtiyatları artır. Devalvasiya zamanı Mərkəzi Bankın valyuta ehtiyatları azalmışdı. Çünki ölkədə dollara qarşı kəskin tələb var idi, təklif az idi. Mərkəzi Bank əks proses həyata keçirirdi, məcburən qalan dollar tələbini öz valyuta ehtiyatlarını satmaqla ödəyirdi. Hazırda əks proses gedir, təklif olunan dollar tələbdən çox olanda Mərkəzi Bank intervensiya edib artıq dolları alır, bununla da valyuta ehtiyatlarını artmış olur. Nəzərə almaq lazımdır ki, əvvəllər Mərkəzi Bankın valyuta ehtiyatları indikindən iki dəfə artıq olub. Yenidən MB valyuta ehtiyatlarının artması müsbət bir amildir”.

“Real sektorun aktivliyi gözləniləndən aşağıdır…”

Elman Sadıqov hesab edir ki, hazırda real sektorda kreditlərə olan tələblərdəki aktivlik nəzərdə tutulduğundan nisbətən aşağıdır: 

“Hesab edirəm ki, diaqnozu düzgün qoya bilmirik. Real sektorun kredit almaqda aktivliyinin aşağı olmasını bank sektoruna bağlamaq düzgün deyil. Çünki bank sektoru satıcıdır, onda günah yoxdur, mal var, əmtəə var, amma alıcı yoxdur. Niyə bu gün kreditləşmə zəifdir, niyə kreditə olan tələb gözlənilən səviyyədə deyil? Buna real sektoru analiz edərək baxmaq lazımdır. Real sektorun kreditə marağının olmamasının səbəbini araşdırmaq lazımdır. 2010-2014-cü illərdə aktiv kreditləşmə dövrü oldu. Həmin ərəfədə kredit faizləri hazırkı biznes və istehlak kreditlərinə tətbiq olunan faizlərdən daha yüksək idi. Əvvəlki dövrlərə nisbətən bu gün kredit faizlərinin aşağı olmasına baxmayaraq, biznes kreditləri yenə də zəifdir. Bank sektorunda hesabatlılıq var, beynəlxalq standartlar var. Bu gün real sektoru analiz etmək üçün dəqiq məlumat götürmək mümkün deyil. Artıq müxtəlif səviyyələrdə etiraf olunur ki, Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər arasında böyük fərqlər var”.

Dolların və manatın məzənnəsinin ucuzlaşmasına gəlincə, ekspert hökumətin strateji xəttinin olduğunu vurğulayıb:

“Hələ dolların kursu 1.70 civarında qalacaq. Üzən məzənnəyə keçid məsələsini o qədər də dəstəkləmirəm. Çünki Beynəlxalq Valyuta Fondunun (BVF) 60-70-ci illərdə Uzaq Şərq ölkələrinə verdiyi konsultasiyalara hansı ölkələr riayət etmədisə, onlar daha çox inkişaf etdilər, nəinki həmin məsləhətlərə gözüyumulu riayət edənlər. Yəni verilən məsləhətlər öz effektini verməyə də bilər. Bunun tarixdə onlarla nümunəsi var. Bu səbəbdən də üzən məzənnəyə keçidlə bağlı ciddi basqılar olsa da, bu təzyiqlərin qarşısı alınacaq. Çünki Azərbaycan iqtisadiyyatı hələ kövrəkdir və tam olaraq üzən məzənnənin təzyiqinə dözə bilməz. Əgər biz üzən məzənnəyə keçsək, dolların məzənnəsi 1.45-1.55-ə düşəcək. İlkin olaraq bu hamını sevindirsə də, sabah neftin qiymətində volatillik dolların sıçramasına səbəb olacaq. Bu zaman bank sektoru, insanlar, o cümlədən idxal-ixrac sektoru bu ciddi sıçrayışlardan ciddi zərərlər görə bilərlər. Bu səbəbdən Mərkəzi Bank valyuta ehtiyatlarını artırır, nisbi stabillik var, ixracatçılar da öz işlərini kursa uyğun planlaşdırır. Dolların kursunun artması üçün təzyiq yoxdur, əksinə, dollar təklifi çoxdur. Həm tədiyyə, həm də ticarət balansında profsit var. Dolların kursunun aşağı salınması maliyyə sektoruna, ticarətçilərə və xalqa gələcəkdə böyük zərbə vura bilər. Kursu buraxmaq, tam üzən məzənnəyə keçmək lazımdır, təbiidir, amma bunun vaxtı var. Bunun üçün də müəyyən tədbirlər görülməlidir, infrastrukturda fərqli məsələlər həll olmalı, alt baza yaradılmalı, xüsusilə “kölgə iqtisadiyyatı” aradan qaldırılmalıdır, şəffaflıq təmin olunmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır