“İqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir” – AMB

İqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir. Rəsmi statistikaya görə cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2.1% təşkil etmişdir. İqtisadi artım qeyri-neft sektorunda 3.6% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 15.7%, kənd təsərrüfatında 7.3% artım müşahidə olunmuşdur.

Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosial yönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6.9% artmışdır ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir.

Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirmişdir.

Əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərmişdir. 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64.1 ABŞ dollar təşkil etmişdir. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2.3%, o cümlədən, qeyri-neft ixracı 17.5% artmış, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9% olmuşdur.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12.7% və ya 5.7 mlrd. dollar artaraq 50.4 mlrd. dollara çatmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır