İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib

Oktyabrın 17-də İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Zaqatalada, Sahib Məmmədov isə Qaxda vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, turizm, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerində həll edilib, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Bundan başqa, qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, mebel istehsalı müəssisəsinin yaradılması, otel tikintisi, heyvandarlıq, əkinçilik və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması barədə müvafiq göstərişlər verilib.

Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır