İSB sığortalılar üçün istifadəçi kabinetini yaradır

İcbari Sığorta Bürosu sığortalılar üçün virtual rejimdə fəaliyyət göstərəcək mərkəzləşdirilmiş istifadəçi kabinetinin yaradılması və tətbiqi konsepsiyası üzərində işə başlayıb.

Bu barədə İcbari Sığorta Bürosunun dərc etdiyi yarımillik hesabatda qeyd edilib.

Büro hesab edir ki, vətəndaşlar öz icbari sığorta müqavilələri və onların vəziyyətinə dair operativ qaydada xronoloji və cari məlumat əldə etmək, təqdim etdiyi sığorta tələblərinin icra statusunu izləmək, həmçinin sığortaçı, vasitəçi və tənzimləyici ilə əks əlaqə yaratmaq imkanına malik olmalıdır.

Sadalananlara nail olmaqdan ötrü Büro sığortalılar üçün virtual rejimdə fəaliyyət göstərəcək mərkəzləşdirilmiş istifadəçi kabinetinin yaradılması və tətbiqi konsepsiyası üzərində işə başlayıb.

Qeyd edək ki, hazırda onlayn kabinetə giriş zamanı istifadə olunacaq autentifikasiya üsulları, təqdim olunacaq alətlər çeşidi və funksionallıq dəqiqləşdirilir. İstifadəçi kabineti vasitəsilə sığortalılar icbari sığorta ilə bağlı bütün əməliyyatları heç bir yerə getmədən, eyni mərkəzdən idarə edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır