İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransı nələrlə yadda qaldı?

Ötən həftə (21-23 noyabr) Bakı daha bir böyük və mötəbər beynəlxalq tədbirə – İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransına ev sahibliyi etdi.

Konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev Azərbaycanın İƏT-lə əlaqələrə xüsusi əhəmiyyət verdiyini, bu konfransın da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsi baxımından böyük önəmini vurğulayıb.

Dövlət başçısı tədbirdə iştirak üçün ölkəmizdə səfərdə olan İƏT-in Baş katibi Hissein Brahim Tahanı qəbul edərkən görüşdə də konfransın və Təşkilatın Bakıda yaradılan Əmək Mərkəzinin əhəmiyyəti qeyd olunub.

Ümumilikdə konfrans bir sıra mühüm nəticələri ilə yadda qaldı:

•    Konfrans çərçivəsində İƏT-in Bakıda üzv ölkələr üçün mühüm önəm kəsb edən beynəlxalq statuslu Əmək Mərkəzinin açılışı oldu və Mərkəzin Nizamnaməsini imzalayan ölkələrin sayı 16-ya çatdı, Türkiyə sənədi ratifikasiya etdi;

•    Azərbaycan 40-dan çox ölkənin nazir və digər yüksək səviyyəli rəsmilərinin, 7 beynəlxalq təşkilatın rəhbərinin və b. iştirak etdiyi bu konfransa yüksək səviyyədə ev sahibliyi edərək İslam həmrəyliyinin güclənməsinə növbəti töhfəsini verdi;

•    Ölkəmizin sosial sahədə uğurlu islahat təcrübəsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş imkanlar yarandı, DOST Konsepsiyası və innovativ uğurlarımız İslam ölkələrinə təqdim edildi;

•    İƏT məkanında əmək və sosial müdafiə sahəsində yeni çağırışlara uyğun aktual məsələlərin və onların həlli yollarının, bu sahədə görüləcək birgə tədbirlərin geniş müzakirəsi təmin edildi;

•    10-dan çox ölkənin nümayəndə heyəti ilə ikitərəfli görüşlər keçirildi, Qətər və Tacikistanla, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRİC) ilə əməkdaşlıq sənədləri imzalandı;

•    Dünya əhalisinin təqribən 20 faizinin yaşadığı İslam ölkələri arasında əlaqələr daha da genişləndi, yeni əlaqələr quruldu və s.

Beləliklə, konfrans İƏT məkanında əmək, məşğulluq və sosial müdafiə sahəsində yeni çağırışların ortaya çıxardığı məsələlərin və həll yollarının üzv ölkələrlə birgə əhatəli müzakirə edildiyi platformaya çevrildi. Konfransın Qətnaməsində bu istiqamətdə gələcək fəaliyyətlərdə də birgə səylərin göstərilməsi, fəal əməkdaşlığın və təcrübə mübadilələrinin aparılması əksini tapıb.

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı