İspaniyada Azərbaycanda alınan elektron imzaları tanına bilər

Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndə heyəti qabaqcıl İKT şirkətlərinin təcrübəsi ilə yaxından tanış olmaq üçün İspaniyaya səfər edib. Səfər çərçivəsində İspaniyanın “Elektron hökumət” həlləri ilə bağlı bir neçə qurumu ilə görüşlər keçirilib və ölkənin elektron hökumət sahəsində apardığı islahatlarla tanışlıq olub.

BBN.az xəbər verir ki, İspaniyanın Maliyyə və Dövlət İdarəetmə Nazirliyinin nəzdində fəaliyyət göstərən “National Coinage and Stamp Factory – Royal Mint” (FNMT-RCM) adlı qurumun prezidenti Ceym Sançes Revenqa işgüzar müzakirələr zamanı Azərbaycanla elektron imzanın qarşılıqlı tanınması, həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi üçün təcrübə və resurs mübadiləsinə daim hazır olduğunu bildirib.

Qurumun İnformasiya Sistemləri və İqtisadi-Maliyyə Departamentinin direktoru Filip Amores Malero ilə müzakirələr zamanı MHM-in direktoru Elnar Əsədov və Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov ölkəmizdə elektron hökumət quruculuğu üzrə görülən işlər və inkişaf istiqamətləri barədə məlumat veriblər. Yaxın gələcəkdə Avropa İttifaqının e-İDAS qanunvericiliyinə uyğunlaşması istiqamətində birgə işlərin görülməsi,  qısa zamanda Azərbaycan və İspaniya arasında elektron imzaların qarşılıqlı tanınması üçün tərəflər arasında memorandum imzalanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır