“Açıq qapı” günündə istehlakçıların əsas hüquqları və onların müdafiəsi vasitələri, eləcə də bu
sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyi tərəfindən istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılması
məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bu məqsədlə Agentliyin Şəki
şəhərində yerləşən 13 saylı regional bölməsində (əhatə etdiyi rayonlar: Şəki, Qax, Zaqatala,
Balakən) istehlakçılar üçün növbəti “Açıq qapı” günü keçirilib.
40-dan çox istehlakçının qatıldığı tədbirdə Agentliyin fəaliyyət istiqamətlərinə dair təqdimat
edilib, istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud olan normativ-hüquqi aktlar barədə
ətraflı məlumat verilib. Təcrübədə rast gəlinən istehlakçı hüquqlarının pozulması halları ilə bağlı
müraciətlər dinlənilib, həmin pozuntularla bağlı qanunvericiliyin müvafiq müddəaları izah olunub
və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bundan əlavə, tədbir iştirakçılarına istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən aidiyyəti
dövlət qurumları və məhkəmə orqanlarının bu sahədə rolu və funksiyaları barədə ətraflı
məlumat verilib.