İstismara icazə verilən binalardakı mənzillərin qeydiyyatı geniş formada davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq istismara icazə verilən binaların sakinlərindən mənzillərini dövlət reyestrində qeydiyyata almaq üçün Əmlak Xidmətləri Məkanına (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20) müraciət etmələri xahiş olunur. MTK tərəfindən verilən mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün MTK-nın ümumi yığıncağının qərarı və maliyyə arayışı, MMC-dən alınan mənzillər üçün isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi kimi sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi tələb edilir.

Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsi fərmandan irəli gələn tapşırıqlara əsasən istismarına icazə verilən çoxmərtəbəli binalardakı mənzillərin qeydiyyata alınması işlərini səyyar kampaniyalar ilə intensiv sürətdə davam etdirir. Səyyar aksiyaların həftə üzrə müxtəlif ünvanlarda keçirilməsi hər kəsin rahatlıqla xidmətlərdən istifadəsinə o cümlədən, istismara icazə verilən bütün binaların geniş sürətdə dövlət qeydiyyatına alınmasına yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır