“ITU Telecom World 2019” beynəlxalq sərgi və forumu öz işinə başlayıb

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı bu gün işinə başlayıb. Telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunan “ITU Telecom World” bu il Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində keçirilir.

Tədbirin rəsmi açılış mərasimində Macarıstanın Baş naziri Viktor Orban və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Cao çıxış edib.

Sentyabrın 12-dək davam edəcək beynəlxalq tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.

Müxtəlif dövlətləri təmsil edən şirkətlərin qatıldığı sərgidə Azərbaycan Milli Pavilyonla iştirak edir. Pavilyonda ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunur. Bu gün pavilyonlara VİP tur keçirilib.

Azərbaycan 2009-cu ildən etibarən davamlı olaraq “ITU Telecom World” sərgilərində Milli Pavilyonla təmsil olunur.

Qeyd edək ki, beynəlxalq tədbir “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilir. “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır