İxrac-idxal əməliyyatlarına nəzarətin gücləndirilməsinə dair təkliflər müzakirə olunub

6 dekabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) müvafiq departamentinin rəhbərliyi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupu arasında işçi qaydada görüş keçirilib. Görüşdə ABA-nın Ekspert Qrupunun sədri Anar Kərimov, Ekspert Qrupuna üzv olan bankların nümayəndələri və Palatanın müvafiq departamentinin rəhbərliyi iştirak edib.

Belə ki, görüşdə konsiqnasiya  və digər ixrac-idxal əməliyyatlarına nəzarətin gücləndirilməsi ilə bağlı bankların sualları cavablandırılıb və ABA tərəfindən nəzarət prosesinin səmərəliliyini artırmaq məqsədiylə irəli sürülmüş təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Təkliflərdə banklar, Dövlət Gömrük Komitəsi və Palata arasındakı məlumat mübadiləsinin səmərəliyinin artırılması və əməliyyat səhvləri risklərinin azaldılması məqsədilə sözügedən qurumlar arasında ümumi elektron məlumat mübadiləsi imkanlarının yaradılması məsələsi öz əksini tapıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır