Kiçik və orta biznes sahələrinə 10 milyon dollar xarici sərmayə yatırılacaq

Birləşmiş Ərəb Əmirliklərinin “Omni World Holdings Limited” şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq.

Bununla bağlı iyunun 13-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Omni World Holdings Limited”in nümayəndələri arasında  görüş keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş çərçivəsində KOBİA və “Omni World Holdings Limited” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings Limited”in sədri Erik Alfred Şayer imzalayıblar.

Sənədə əsasən, “Omni World Holdings Limited” ölkəmizdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. “Omni World Holdings Limited” tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə ilkin olaraq 10 milyon ABŞ dolları həcmində investisiyanın yatırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır