KOB-lar üçün onlayn təlim platforması yaradılır

Startapların, mikro, kiçik və orta biznes subyektlərinin “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq təlim, seminar, treninq və digər maarifləndirici tədbirlər təşkil olunur.

Bu ilin yanvar-sentyabr ayları ərzində KOBİA tərəfindən Bakıda və ölkə regionlarında yerli və xarici ekspertlər tərəfindən sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə 16 təlim, 7 onlayn tədbir, 6 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilib. Biznesin inkişafı, korporativ idarəetmə, dövlət-özəl tərəfdaşlığı, maliyyə savadlığının atırılması, dövlət satınalmaları və s. mövzularda təşkil edilmiş tədbirlərdə 7 minə yaxın sahibkar iştirak edib.

Tədbirlərdə sahibkarlara nəzəri məlumatlarla yanaşı, müxtəlif müəssisə və təsərrüfatlarda praktik bilik və bacarıqlar təqdim olunub, biznes sahəsində uğur qazanmış iş adamları ilə təcrübə mübadiləsinin aparılması təşkil edilib.

Hazırda KOBİA tərəfindən müasir dövrün tələblərinə uyğun yeni onlayn təlim sisteminin yaradılması istiqamətində işlər aparılır. Onlayn platformada reallaşdırılacaq maarifləndirmə tədbirləri biznes subyektlərinin fəaliyyətinin daha səmərəli təşkilində əhəmiyyətli olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır