KOB-lara öz təsərrüfatlarında təlimlər təşkil edilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə regionlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlara dəstək məqsədilə BP və onun tərəfdaşlarının həyata keçirdiyi Sahibkarlığın İnkişafı Proqramı çərçivəsində “Kənd təsərrüfatı sektorunda KOB-ların inkişafına dəstək” təlimlərinə start verib.

Təlimlər regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların öz fərdi təsərrüfatlarında keçirilir. Təlimlərin fərdi təsərrüfatlarda təşkil edilməsinin başlıca üstünlüyü sahibkarlar üçün daha praktik olması, mövcud resurslardan səmərəli istifadə kimi məsələlərlə bağlı yerindəcə tətbiqi biliklərə yiyələnmək imkanının yaradılmasıdır.  

Yevlax, Ağdaş və Tovuz rayonlarında istixana təsərrüfatı, toxum istehsalı, heyvandarlıq və meyvəçiliklə məşğul olan KOB-lar üçün təşkil olunmuş təlimlər artıq başa çatıb. Hazırda təlimlər ölkənin digər rayonlarında davam etdirilir.

Təlimləri uğurla başa vuran KOB-lara sertifikatlar veriləcək.

KOBİA-nın “KOB Dostu”-nun təşkilatçılığı ilə reallaşdırılan və “Ekvita” şirkətinin ekspertləri tərəfindən həyata keçirilən təlimlər üç istiqamətdə – əməyin mühafizəsi, keyfiyyətin qiymətləndirilməsi və maliyyənin idarə edilməsi sahələrində aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır