KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib

Noyabrın 14-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti Forum keçirilib.

“Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş Forumda KOBİA-nın, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, eləcə də müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Forumda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların maliyyələşdirmə mexanizmləri barədə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatların əsas istiqamətləri sırasında kiçik və orta sahibkarlığın inkişafı, iqtisadiyyatda rolunun artırılması  prioritet kimi müəyyən edilib.  Agentliyin əsas fəaliyyət istiqamətlərindən birinin də məhz KOB-ların maliyyə resurlarına çıxışını əlçatan etmək, eləcə də sahibkarlar tərəfindən təklif olunan investisiya layihələrini maliyyə qurumları ilə əlaqələndirmək olduğunu qeyd edən KOBİA sədri bir sıra təkliflər də səsləndirib. Bildirilib ki, KOBİA ilə banklar arasında daha sıx əməkdaşlığın yaradılması, maliyyə institutları ilə birgə tədbirlərin, seminar və təlimlərin keçirilməsini məqsədəuyğun olardı.  

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov, Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışlarında maliyyələşdirmə mexanizmləri, KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi tədbirləri barədə məlumat veriblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq təşkil edilən müzakirələrin əhəmiyyətini qeyd edib, bugünkü Forumda səsləndirilən rəy və təkliflərin də araşdırılcağını və aidiyyəti üzrə təqdim olunacağını bildirib.

Forum çərçivəsində həmçinin, müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi maliyyə xidmətlərinin sərgisi təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır