Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər çəçivəsində Londonda Kiçik Biznes Federasiyasında olublar.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Kiçik Biznes Federasiyasının Avropa İttifaqı və beynəlxalq əlaqələr idarəsinin direktor müavini Ceyms Sibli ilə keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, xarici ölkələrin, o cümlədən Böyük Britaniyanın müvafiq qurumları ilə əməkdaşlığı barədə məlumat verilib, federasiya ilə əməkdaşlığa, qurumun nümayəndələrinin ölkəmizə səfərinin təşkilinə, startaplara və KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvü Taşkın Temizlə təşkil olunmuş görüşdə AYİB-in 2019-2024-cü illər üzrə strategiyası çərçivəsində KOB-ların dəstəklənməsi istiqamətində, eləcə də dövlət-özəl sektor tərəfdaşlığı sahəsində əməkdaşlığa, AYİB-in Bakı ofisi ilə birgə KOB-ların iştirakı ilə konfransın təşkilinə dair fikir mübadiləsi aparılıb.
London Ticarət və Sənaye Palatasının baş icraçı direktorunun müavini Peter Bişopla görüşdə isə KOBİA-nın və Palatanın fəaliyyəti, KOB-lara göstərilən xidmətlər barədə qarşılıqlı şəkildə məlumat verilib, Azərbaycan şirkətlərinin dünyanın ən böyük biznesə dəstək şəbəkələrindən olan Avropa Sahibkarlar Şəbəkəsinə (Enterprise Europe Network) qoşulması imkanlarına, KOB-lara xidmətlərin göstərilməsi, bazarlara çıxış sahələrində təcrübə mübadiləsinə, eləcə də ixrac sahəsində KOB-ların bilik və bacarıqlarının artırılması barədə müzakirələr aparılıb.