KOBİA-nın tərəfdaşlığı və ​CCIAF-in təşkilatçılığı ilə “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfransın açılış sessiyası keçirilib

İyunun 30-da Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə təşkil edilmiş “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfrans öz işinə başlayıb.

Onlayn konfransda çıxış edən CCIAF-in İdareəedici direktoru Zibər Hüseynova hökumət nümayəndələrinin və CCIAF-in üzvü olan konsultasiya şirkətlərinin iştirakı ilə keçirilən tədbirin KOB-ların məlumatlandırması üçün faydalı olacağını qeyd edib. CCIAF-in İdarə Heyətinin sədri Teybə Quliyeva təşkilatın KOBİA ilə əməkdaşlığı və bu əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib, konfransa qatılan rəsmi qonaqlara, CCIAF-in üzv şirkətlərinə – “Baker Tilly”, “Deloitte”, “Ekvita”, “EY Azərbaycan” və “PwC Azərbaycan”a dəstək üçün minnətdarlığını bildirib.

KOBİA-nın İdarə Heyətinin sədr müavini Mehman Abbas çıxışında koronavirus pandemiyasının kiçik və orta sahibkarlığa təsiri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən dəstək proqramı, eləcə də Agentliyin KOB-lar üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, KOBIA-nın beynəlxalq təşkilatlarla birgə əməkdaşlığından, bu əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələrdən də danışıb.

Fransanın Azərbaycandakı səfiri Zacharie Gross Fransa hökumətinin KOB-ların özünü bərpasına dair tədbirlər planı, bu sahədə hökumətlərarası əməkdaşlıqdan danışıb. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev KOB-ların milli iqtisadi inkişaf üçün əhəmiyyəti barədə çıxış edib və iki dövlət arasında əməkdaşlığın mövcud vəziyyətdə daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas pandemiya və post-pandemiya dövründə KOB sahəsində həyata keçirilən proqramlar və reallaşdırılacaq layihələr barədə, bu sahədə KOBİA ilə əməkdaşlıqdan danışıb. O, “EU for Business” təşəbbüsü barədə ətraflı məlumat verərək, Aİ və Azərbaycan arasında əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib.

AYİB-in Azərabycandakı rəhbəri İvana Duarte Bankın KOB-larla bağlı maliyyə dəstəyi proqramları, eləcə də dijitallaşma, pandemiya dövründə büdcənin idarə olunması kimi onlayn təlimlər barədə məlumat verib.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Fracassetti pandemiya dövründə zərər çəkən sahələrdən olan KOB sektorunun özünübərpasının vacibliyini diqqətə çatdıraraq təşkilatın bu dövr ərzində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. O, E-Biznes platformasının yaradılması, təşkilatın onlayn biznesin inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi onlayn təlimlərdən danışıb.

“MEDEF International”ın direktor müavini Geraldine Lembe təşkilatda çoxlu sayda KOB-ların təmsil olunduğunu, pandemiyadan sonra onların özünübərpasına dəstəyin təşkilatın prioritetlərindən olduğunu, bu sahədə “MEDEF International”ın Azərbaycanda KOB-larla işləyən qurumlarla da sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Sonra panelistlər onlayn konfrans iştiraçılarını maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfrans iyulun 2-dək davam edəcək. Növbəti günlərdə CCIAF-in üzv şirkətləri tərəfindən KOB-lar üçün turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı ilə bağlı seminarlar təşkil olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır