KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri KOBİA-da olublar.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KOSGEB sədri Cəvahir Uzkurt arasında keçirilmiş görüşdə mövcud əməkdaşlığa və əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb, tərəflər qarşılıqlı olaraq fəaliyyətlərindəki yeniliklər, KOB-lara göstərilən dəstək və xidmətlər, bu sahədə nəzərdə tutulan layihə və digər tədbirlər barədə məlumat veriblər. Görüşdə hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinin, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasının, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasında KOB-ların rolunun aktivləşdirilməsinin önəmi vurğulanıb.

Görüş çərçivəsində KOBİA və KOSGEB arasında Birgə Fəaliyyət Planı imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KOSGEB sədri Cəvahir Uzkurt tərəfindən imzalanmış sənəddə KOB-lar üçün dövlət dəstəyi mexanizmlərinin təsirinin müəyyən edilməsi və effektivliyinin artırılması sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi, Azərbaycan KOB-larına dair geniş məlumat bazasının hazırlanması üçün birgə işçi qrupunun yaradılması, KOB sahəsində investisiya qoyuluşunun təmin edilməsi üzrə Türkiyənin İnkişaf və İnnovasiya Fondunun təcrübəsindən yararlanmaq, birgə KOB inkişaf fondlarının formalaşdırılmasında əməkdaşlıq kimi məsələlər öz əksini tapıb.

Sonra KOBİA, KOSGEB, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB), sahibkarlar assosiasiyalarının, eləcə də sənaye, bank, tikinti, satış, qida istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə Dəyirmi Masa təşkil olunub. Dəyirmi masada Azərbaycan və Türkiyə sahibkarları arasında əlaqələr, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, təkliflər səsləndirilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

KOSGEB nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyində, AZPROMO, Sahibkarlığın İnkişafı Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunda görüşlər keçirəcəkdir.

Related posts

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Məlumat Mərkəzinin idarə edilməsi üzrə Türkiyə təcrübəsi öyrənilmişdir

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı