Kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb – Foto

Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb.

Təlimin açılış mərasimində çıxış edən Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva bildirib ki, ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası qaydasında kommersiya məhkəmələri yaradılarkən əsas məqsəd sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasının təmin edilməsindən ibarət olub. Qeyd edilib ki, kommersiya məhkəmələrində ixtisaslaşmanın dərinləşməsi kommersiya mübahisələrinin daha sürətli həllinə təsir göstərən mühüm amildir.

Bildirilib ki, məhkəmələrdə bilavasitə bankların iştirak etdiyi, eləcə də iki sahibkarlıq subyektləri arasında banklar vasitəsilə qurulan münasibətlərdən yaranan mübahisələrə daha çox rast gəlinir. Kommersiya mübahisələrində ixtisaslı yanaşma onu tələb edir ki, mübahisəli münasibətə təkcə hüquqi deyil, həm də iqtisadi aspektlərdən yanaşılsın. Təlimin müvafiq kateqoriya mübahisələrə belə yanaşmanın təmin edilməsinə öz töhfəsini verəcəyi vurğulanıb.

Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxışında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, təlimlər zamanı hakimlərə müvafiq qanunvericilik, Azərbaycanın iqtisadi və maliyyə sistemi, bank məhsulları və xidmətləri, valyuta rejimi, ödəniş sistemləri, banklarda və bank olmayan kredit təşkilatlarında kreditlərin verilməsi, lizinq əməliyyatları, mübahisələrin həlli yolları və digər əhəmiyyətli mövzular təqdim ediləcək.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov isə təmsil etdiyi təşkilatın fəaliyyəti, məqsədi barədə təlim iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, ABA ilə Azərbaycan Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun məqsədlərindən biri də ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatında olan bank mübahisələrinin həllində peşəkar fəaliyyətin artırılmasına töhfə vermək, mülki və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə təcrübəsində qarşıya çıxan məsələlərin müzakirəsindən ibarətdir. Əməkdaşlıq çərçivəsində bu təlimin də hakimlərin ixtisaslaşmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, Azərbaycan Hakimlər İttifaqı ilə Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində təşkil edilən təlimin 21-25 oktyabr və 25-30 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı