“Könüllü Bankir” layihəsinin açılışı olub

14 dekabr 2016-cı il tarixində Amrahbank və ASAN xidmət arasında qarşılıqlı əməkdaşlıq əsasında “ASAN School” könüllülük proqramı çərçivəsində həyata keçirilən “Könüllü Bankir” layihəsinin açılışı oldu.

Açılışda “Amrahbank” ASC-nin və “ASAN Xidmət” mərkəzinin rəhbər şəxsləri və bu layihə üçün seçilmiş ASAN könüllüləri iştirak etdi.

Tədbir zamanı iştirakçı könüllülərə “Könüllü Bankir” layihəsinin məqsədi və faydaları haqqında, təlim və təcrübə proqramı barədə geniş məlumatlar verildi, könüllülərin sualları ətraflı cavablandırıldı.

Xatırladırıq ki, “Könüllü Bankir” layihəsi çərçivəsində daha öncə “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş ASAN könüllüləri “Amrahbank”ın peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən bir aylıq təlimlərdə iştirak edəcək, bank sektoru və onun fəaliyyəti ilə yaxından tanış olacaqlar. Təlimi uğurla bitirən ASAN könüllüləri “Amrahbank”ın struktur bölmələrində bir ay ərzində təcrübəyə cəlb ediləcəklər.

Təlimlər 16 dekabr 2016-cı il tarixindən etibarən “Amrahbank” ASC-nin Baş ofisində keçiriləcəkdir.

“Amrahbank”ın iştirakı ilə həyata keçirilən bu təlim-təcrübə proqramının məqsədi gənclərin  maliyyə savadlılığının artırılmasına dəstək vermək, onların şəxsi inkişafını təmin etmək və gələcək fəaliyyətləri üçün stimul yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır