Korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin ölkəmizdə təbliğinə dair sənəd imzalanıb

Oktyabrın 22-də BMT-nin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş “COP26 – hər kəs üçün daha parlaq gələcəyin təminatı” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumları, diplomatik missiyaların, vətəndaş cəmiyyətinin və özəl sektor nümayəndələri iştirak ediblər. 

İqlim dəyişikliyi ilə mübarizədə hökumət, vətəndaş cəmiyyəti və özəl sektorun rolunun müzakirə edildiyi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak edib. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin KOB-ların “yaşıl iqtisadiyyat”da rolunun artırılması məsələlərinə xüsusi önəm verdiyini, bu istiqamətdə təşəbbüsləri fəal şəkildə dəstəklədiyini qeyd edib. Bildirilib ki, KOBİA-nın KOB inkişaf mərkəzlərində müvafiq istiqamətdə təlim və məsləhət xidmətləri göstərilir, “yaşıl enerji”, təkrar xammal emalı və dairəvi iqtisadiyyat sahəsi üzrə şirkətlərin müxtəlif yerli və beynəlxalq yarmarka və sərgilərdə iştirakına dəstək olunur. Agentlik tərəfindən həyata keçirilən qrant müsabiqəsi çərçivəsində “yaşıl texnologiyalar”ın inkişafı və tətbiqi, yanacağa qənaət, təkrar emal, tullantısız istehsal və s. istiqamətlərdə bir sıra təşəbbüslərin reallaşdırılmasına maliyyə dəstəyi göstərilir. 

Tədbir çərçivəsində həmçinn, korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin birgə təbliğinə dair Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlığın İnkişafı Fondu (SİF) və BMT-nin Azərbaycan Nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, SİF-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xalıyev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva imzalayıblar. 

Sənədə əsasən müvafiq qurumlar korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin yerli sahibkarlar arasında təbliği istiqamətində birgə səylərini gücləndirəcək və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirəcəklər. Birgə əməkdaşlığa sahibkarların və biznes assosiasiyaların korporativ dayanıqlılıq və BMT-nin Qlobal Sazişi haqqında məlumatlandırılması, ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq qurumların fəaliyyət proseslərinə inteqrasiya edilməsi, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qurumların əməkdaşlarının sahəvi bacarıqlarının artırılması və s. nəzərdə tutulur.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov: “Agentlik fəaliyyətində dayanıqlı inkişafın təşviqi, bizneslərin “yaşıl iqtisadiyyat”da rolunun artırılması və korporativ idarəetmə prinsiplərinin genişləndirilməsinə xüsusi önəm verir. Memorandum çərçivəsində birgə icra olunacaq proqram korporativ dayanıqlığın və BMT-nin Qlobal Sajişinin təbliği istiqamətində ölkəmizdə yeni bir təcrübə formalaşdıracaqdır”.

Qeyd edək ki, 160-dan çox ölkədən 12 min şirkət və 3 min qeyri-biznes qurumunu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Bu saziş şirkətləri öz strategiya və fəaliyyətlərini müvafiq prinsiplərə uyğunlaşdırmağa və BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməyə çağırır.

Related posts

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı