ABŞ Federal Ehtiyat Sisteminin (FED) ənənəvi illik toplantısına paralel olaraq, kripto sənayesi nümayəndələri Wyoming ştatında yerləşən Jackson Hole yaxınlığında Blockchain Symposium adlı alternativ tədbir keçiriblər.
BBN.az xəbər verir ki, Simpoziumda kripto bazarının siyasi və maliyyə gücünü nümayiş etdirən tanınmış simalar iştirak edib. Tədbirin qonaqları arasında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) kriptoya dəstək verən yeni üzvü Paul Atkins, iki potensial Fed sədri namizədi, eləcə də Donald Trampın oğlu Erik Tramp olub.
Müşahidəçilərin sözlərinə görə, tədbir kripto sektorunun ənənəvi maliyyə institutları ilə rəqabət aparmaqda olduğunu göstərir. Hazırda kripto bazarının ümumi dəyəri 4 trilyon dolları ötüb və ABŞ administrasiyasının kriptovalyutalara daha açıq mövqeyi bazarı yeni mərhələyə çıxarıb.
FED-in baş nəzarətçilərindən Mişel Bouman tədbirdəki çıxışında vurğulayıb ki, ABŞ “pul, dəyər və maliyyə sisteminə yanaşmada yeni bir eraya daxil olur”. Onun sözlərinə görə, stabilcoinlər və blokçeyn əsaslı texnologiyalar gələcək maliyyə sisteminin strukturunu formalaşdıracaq.
Simpoziumda həmçinin Genius Act adlı yeni qanun layihəsinin müəllifləri senatorlar Cynthia Lummis və Tim Scott da iştirak ediblər. Bu qanun layihəsi stabilcoinlərin tənzimlənməsi üçün hüquqi baza yaradır və ilin əvvəlində Prezident Donald Tramp tərəfindən imzalanıb.
Maliyyə sektoru nümayəndələrinin fikrincə, tədbir “ənənəvi bankçılıq görüşlərindən tamamilə fərqli bir səviyyədə” keçirilib və kripto sənayesinin siyasi, iqtisadi və texnoloji baxımdan güclənməkdə olduğunu ortaya qoyub