ƏMDK sədri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 sentyabr tarixində Lənkəran şəhərində vətəndaş qəbulu keçirib.

BBN.az xəbər verir ki, Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəranla yanaşı Astara, Lerik rayonlarından olan vətəndaşların da fərdi qaydada müraciətlərinə baxılıb.

Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib. Eyni zamanda dövlət əmlakının özəlləşməsi ilə də bağlı müraciətlər ünvanlanıb. Vətəndaşlar onlara məxsus fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti üzrə baxılacağı vətəndaşlara bildirilib.

Qeyd edilib ki, Bu günə qədər dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 68 elektron sifariş qəbul olunub. Ümumilikdə isə cari il ərzində 150-dən çox hərrac keçirilib.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır.

Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır