Lerikdə fermerlərə təlim keçirilib

Lerik rayonunda arıçılıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib. Təlim Lerik Rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev tərəfindən aparılıb.Səyyar formada keçirilən təlim Lerik rayonun Hramo kəndində Xanmədov Yaqub Əyyub oğlunun 130 arı ailəsi saxlanılan təsərrüfatında baş tutub. Arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması və arıların Avropa çürüməsi xəstəliyi haqqında ətraflı məlumatlar verilib.

Eləcə də təlim zamanı arıçılara Avropa çürüməsi xəstəliyinin baş vermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, xəstəliyin müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri barədə söhbətlər edilib. Bildirilib ki, arıların uçuş və hərəkətləri daim nəzarətdə olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır