Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı xeyli azalıb

Cari ilin 19 oktyabr tarixində ixrac imkanlarına dair keçirilmiş konfransda İqtisadiyyat Naziri Şahin Mustafayev lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirildiyini, sahibkarlıq subyektlərində aparılan yoxlamaların sayının xeyli dərəcədə azaldığını və 2016-cı ildə cəmi 50 yoxlama keçirildiyini (müqayisə üçün 2015-ci ildə belə yoxlamaların sayı 50 mindən çox olub) qeyd edib. İndiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, hazırda bu sahədə 9 layihəyə baxılır. Ümumilikdə son 5 ayda verilmiş və baxılmaqda olan bu cür investisiya layihələri üzrə 800 mln. manatdan çox sərmayə qoyuluşu həyata keçiriləcək. Bu günədək sahibkarların 32 min investisiya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manat həcmində güzəştli kredit verilib.

Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18%, ixrac olunan məhsul çeşidləri isə 12% artıb. Bu dövrdə qeyri-neft məhsulları ixracı 844 mln. ABŞ dolları olub. Qeyri-neft ixracının 54%-i MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36%-i Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11%-i isə digər ölkələrin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır