Mənzillərin səyyar qeydiyyatı xidmətləri bu həftə Nəsimi və Nərimanov rayonlarında göstəriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı və digər şəhərlərdəki mənzillərin dövlət qeydiyyatına alınması sürətli formada həyata keçirilir.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə mənzil sahibləri qeydiyyat xidmətlərindən birbaşa yaşadıqları ünvanda faydalanır. Bu vaxta qənaəti təmin edir, eyni zamanda daha çox vətəndaşın xidmətlərdən yararlanmasına şərait yaradır.

Səyyar qeydiyyat kampaniyası 16-20 sentyabr tarixlərində Nəsimi və Nərimanov rayonlarındakı çoxmənzilli binalarda keçiriləcək. Həftə üzrə səyyar aksiya 5 çoxmərtəbəli bina üzrə 900-ə yaxın mənzili əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır