Mərkəzi Bank tərəfindən 2020-ci il ərzində nağdsız ödənişlərin inkişafı üzrə fərqlənən bankların adları açıqlanmışdır

Mərkəzi Bank tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində 2020-ci ildə elan edilmiş nominasiyalar üzrə nəticələr müəyyən edilmişdir.


Sözügedən müsabiqə çərçivəsində 5 nominasiya üzrə aşağıdakı banklar qalib olmuşdur:

  • “Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” – “Unibank” KB ASC;
  • “İnternet bankçılıq xidməti üzrə lider bank” – “Paşa Bank” ASC;
  •  “Mobil bankçılıq xidməti üzrə lider bank” – “Kapital Bank” ASC;
  • “Təmassız ödənişlər üzrə lider bank” – “Paşa Bank” ASC;
  • “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” – “Paşa Bank” ASC.

Məlumat üçün bildiririk ki, rəqəmsal ödənişlərin artırılması istiqamətində görülən tədbirlər nəticəsində 2020-ci ilin göstəricilərinə əsasən ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2019-cu il ilə müqayisədə 26%, nağdsız hesablaşmaların həcmi 34% artmışdır. Ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 55%, həcmi isə 22% artmışdır. Təmassız ödənişlərin sayı və həcmi isə 2019-cu ilin göstəricilərini müvafiq olaraq 4.3 və 5.4 dəfə üstələmişdir.


Mərkəzi Bank qalibləri təbrik edir və bütün bankları müasir dövrümüzdə zəruriliyi daha da aktuallaşan təmassız texnologiyaların və rəqəmsal ödəniş imkanlarının artırılması, elektron bankçılığın inkişafı, bank müştərilərinin yaradılmış imkanlardan daha geniş istifadəyə cəlb edilməsi istiqamətində fəaliyyətlərində aktiv olmağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır