Mərkəzi Bank tərəfindən növbəti depozit hərracı

11 iyul 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 45 milyon manat olmuşdur. Bu barədə Mərkəzi Bankdan bildirilib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,99 % təşkil etmişdir.

“Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcəkdir”,- Bankdan bildirilib.

Qeyd edək ki, 13 iyun 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən ilk dəfə vəsaitlərin cəlb edilməsi üzrə hərrac keçirilimişdi. Mərkəzi Bank hərracda 150 milyon manat cəlb etməyi nəzərdə tutsa da, cəmi 129 milyon manat cəlb edə bilmişdi. Hərracın nəticəsinə görə, orta ölçülmüş faiz dərəcəsi 6,49% təşkil etmişdi.

4 iyul 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş ikinci depozit hərracında tələb 98,5 mln. manat olmuşdur. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,96 % təşkil etmişdir.

Qeyd edək ki, Mərkəzi Bank bu hərraclar vasitəsilə izafi manat kütləsini dövriyyədən çıxardır. Bir sıra bankların izafi manat kütləsi var. Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır