Mərkəzi Bank tərəfindən “Tədiyə balansı” haqqında animasiya hazırlanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası ilə bağlı tədbirlərin dəstəklənməsini cari ildə də davam etdirir.

Maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsinə yönəlmiş bu tədbirlərin əhatəliliyini təmin etmək üçün müasir intellektual vasitələrdən istifadə olunur. Buna uyğun olaraq, Mərkəzi Bankın əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi öz elektron resursu – “Maliyyə savadlılığı” portalında (www.bizimpullar.az) yeni “Tədiyə balansı” haqqında animasiya yerləşdirmişdir. Müxtəlif hədəf qrupların maarifləndirilməsi məqsədilə hazırlanmış animasiyada nümunələr əsasında müəssisə, təşkilat və ailələrin il ərzində xarici ölkələrlə apardığı iqtisadi əməliyyatların uçota alındığı tədiyə balansı haqqında məlumatlar verilir.

 Keçid linki: https://bizimpullar.az/video-126 olan animasiyanın hazırlanmasında əsas məqsəd tədiyə balansı anlayışını izah etməklə, onun strukturu və formalaşması barədə hədəf qruplarını məlumatlandırmaq və bu sahədə savadlılığı artırmaqdır.

Mərkəzi Bank tərəfindən istehlakçıların maliyyə savadlılığının artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə və təbliğat-təşviqat tədbirləri ilə yanaşı “Maliyyə savadlılığı” portalının məzmunu da mütəmadi zənginləşdirilir. Portal vasitəsilə iqtisadiyyat, xüsusilə də maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyunlardan və kalkulyatorlardan istifadə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır