Mərkəzi Bank və AYİB koronavirus pandemiyasından zərər çəkmiş biznes subyektlərinə birgə maliyyə dəstəyi göstərirlər

Azərbaycan Mərkəzi Bankı pandemiya şəraitində biznes və əhaliyə dəstəyin göstərilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. Bu istiqamətdə mühüm yeniliklərdən biri də Mərkəzi Bankın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı çərçivəsində iqtisadiyyatın maliyyə xidmətlərinə çıxışını daha da artırmaq üçün yeni maliyyə alətlərinin tətbiqidir. Bu məqsədlə Koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ümumi məbləği 200 mln. ABŞ dolları olan svop müqaviləsi bağlanmışdır. Bununla da AYİB yerli valyutaya etibarlı çıxış imkanı əldə etməklə yerli şirkətlərə milli valyutada kredit dəstəyi göstərməyə yeni imkanlar əldə edəcəkdir. Bu məbləğin 50 milyon ABŞ dolları, yəni 85 milyon manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur.

Mərkəzi Bank və AYİB arasında əldə edilmiş bu razılaşma pandemiyadan təsirlənmiş biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkəmizdə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcəkdir. Bu, Mərkəzi Bank tərəfindən beynəlxalq müstəvidə həyata keçirilən strategiyanın, beynəlxalq maliyyə təşkilatları ilə olan sıx əməkdaşlığın və törəmə maliyyə alətləri üzrə beynəlxalq çərçivə razılaşmasının ölkəmizin pul və kapital bazarında tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir.

Eyni zamanda, Azərbaycan kapital bazarının inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank ilə AYİB arasında yerli bazarda manatda istiqraz emissiyasının həyata keçirilməsi və törəmə maliyyə alətləri bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə əməkdaşlıq davam etdirilir.

Qeyd etmək lazımdır ki, AYİB Azərbaycan ilə uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirir. Bugünədək AYİB Azərbaycan iqtisadiyyatına 170 layihə üzrə 3,3 mlrd. avro vəsait investisiya etmişdir. AYİB, həmçinin, kiçik və orta sahibkarlıq subyektlərinə biznes məsləhət xidmətləri də göstərir və 1000-dən çox şirkətin maliyyə nəticələrinin və inkişafının təkmilləşdirilməsi istiqamətində texniki dəstək göstərmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır