Mərkəzi Bankda bank rəhbərləri ilə görüş keçirildi

Mərkəzi Bankın sədri Taleh Kazımov kommersiya banklarının rəhbərləri ilə görüş keçirmişdir. Görüşün məqsədi milli iqtisadiyyatın inkişafında bank sisteminin rolunun artırılması ilə bağlı fikir mübadiləsi, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxış perspektivləri, ölkədə nağdsız ödənişlərin genişlənməsi və digər aktual məsələlərin müzakirə edilməsindən ibarət olmuşdur.

Mərkəzi Bankın sədri görüşdə çıxış edərək cənab Prezident İlham Əliyevin ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi hədəf və vəzifələri xüsusi qeyd etdi. Bildirdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilmişdir və bu istiqamətdə genişmiqyaslı tədbirlər davam etdirilir. Bank sektorunun dayanıqlıq göstəricilərinə diqqət çəkən T.Kazımov bank sisteminin ölkədə maliyyə inklüzivliyinin inkişafındakı aparıcı rolunu xüsusilə qeyd etdi və bildirdi ki, növbəti dövrdə ölkədə maliyyə əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma, milli iqtisadiyyatın inkişafına davamlı dəstək üzrə yeni hədəflərə nail olma və digər istiqamətlərdə aktiv işlər davam etdiriləcəkdir.

Görüşdə kommersiya banklarının rəhbərləri çıxış edərək ölkədəki dayanıqlı inkişaf trendləri, maliyyə inklüzivliyinin artırılması, iqtisadi genişlənmə, bankçılıqda müasir tələblərə uyğun inkişaf perspektivləri barədə fikirlərini bildirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır