Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin rəhbəri xanım Tembon son illərdə Azərbaycan Hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkənin neft və qaz resurslarından asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm səylərin həyata keçirilməsini qeyd edib. O, cari ilin əvvəlində ölkə Prezidenti İlham Əliyevin Davosda DB-nin baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü yüksək qiymətləndirərək bu görüşün birgə əməkdaşlıqda yeni perspektivlərə yol açdığını bildirib.

Görüş zamanı DB-nin Azərbaycandakı fəaliyyəti, mövcud layihə portfeli, Ölkə Tərəfdaşlıq Stategiyası çərçivəsində əməkdaşlığın nailiyyətləri və yeni perspektiv istiqamətləri, eyni zamanda DB-nin Azərbaycanda həyata keçirəcəyi potensial fəaliyyət istiqamətləri müzakirə olunub. Nümayəndə heyətinin rəhbəri DB-nin Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasına, həmçinin keçirdiyi tədbirlərə göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib.

Öz növbəsində sədr E.Rüstəmov cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində ölkədə əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf, bərqərar olmuş ictimai-siyasi sabitlik sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını və belə əməkdaşlığın mühüm istiqamətlərindən birini nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən DB ilə əlaqələrin təşkil etdiyini qeyd edib.

Azərbaycanın DB ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. Həmçinin, E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.

Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır