Görüşdə Azərbaycan iqtisadiyyatının inkişafı, biznes mühitinin yaxşılaşdırılması, ixracın genişləndirilməsi, xarici investisiyaların təşviqi istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Azərbaycanda səfərdə olan Mərakeşin bir qrup nüfuzlu media orqanlarının nümayəndələri İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycanda baş verən proseslər, təşkil olunan irimiqyaslı beynəlxalq tədbirlərdən, ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafı, eləcə də biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi məqsədi ilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Azərbaycanda və Mərakeşdə biznes və investisiya mühitinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunan Yusif Abdullayev, ölkələr arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması üçün AZPROMO-nun Mərakeşin İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE), Mərakeş Müəssisələrinin Ümumi Konfederasiyası (CGEM) kimi qurumlarla əməkdaşlıq etdiyini vurğulayıb.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa etdiyi və hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə həyata keçirildiyi media nümayəndələrinə diqqətinə çatdırılıb, Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə qayıdışı çərçivəsində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiya, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən məlumat verilib. Bildirilib ki, sözügedən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 7 mlrd. ABŞ dollarından çox vəsait ayrılıb və bu proses davam etdirilir.
Sonda Mərakeşin media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, görüşdə Mərakeşin MAP agentliyi, “L’Opinion”, “Al Bayane” və “L’economiste” qəzetləri, “Le Desk” rəqəmsal mətbu orqanı, “TelQuel” həftəlik xəbər jurnalı, BBMT onlayn xəbər kanalının nümayəndələri iştirak ediblər. Azərbaycana səfəri çərçivəsində Mərakeşin KİV nümayəndələri həmçinin Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Medianın İnkişafı Agentliyi və digər qurumlarda görüşlər keçiriblər.