Mərkəzi Bankda investisiya şirkətlərinin rəhbərləri ilə görüş keçirildi

Mərkəzi Bankın sədri Taleh Kazımovun investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilmişdir. Görüşün məqsədi kapital bazarının ölkə iqtisadiyyatında rolunun artırılması və institusional inkişafı, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi, sektorda tənzimləmə və nəzarət proseslərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi kimi aktual məsələlərin müzakirə edilməsi olmuşdur.

Görüşdə çıxış edən Mərkəzi Bankın sədri T.Kazımov qeyd etdi ki, həyata keçirilən geniş islahatlar və inkişaf siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilmişdir. Bundan sonra da dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair hədəf və vəzifələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə genişmiqyaslı tədbirlərin davam etdiyini diqqətə çatdırdı. Ölkədə maliyyə bazarlarının aparıcı rolunun daha da gücləndirilməsi, xüsusilə beynəlxalq standartlara uyğun və iqtisadiyyata geniş maliyyələşmə imkanları təqdim edən kapital bazarının formalaşdırılması və əhali yığımlarının investisiyalara transformasiyasını təmin edən kapitallaşma mexanizmlərinin yaradılması istiqamətində aparılan işlərin xüsusi əhəmiyyətini qeyd etdi.

Görüşdə investisiya şirkətlərinin rəhbərləri çıxış edərək kapital bazarında cari və strateji inkişaf məsələləri, bazar infrastrukturunun təkmilləşdirilməsi və bazarın təşviqi ilə bağlı fikirlərini bildirdilər.

Daha sonra investisiya şirkətlərinin nümayəndələri ilə kapital bazarında normativ hüquqi baza və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə vasitəçiliyinin rolunun artırılması, investisiya fondlarının fəaliyyətinin təşviqi, qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin optimallaşdırılması, qiymətli kağızlar bazarında stimullaşdırıcı vergi mühitinin formalaşdırılması və fond birjasında ticarət olunan investisiya qiymətli kağızlarının çeşidinin artırılması mövzularında fikir mübadiləsi aparıldı və tərəfləri maraqlandıran suallar cavablandırıldı.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı