22 aprel 2024-cü il tarixindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, həmçinin bir sıra bankların sədrlərinin iştirak etdiyi Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhərinə ilk işgüzar səfəri başlayıb.
Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası və ABA-nın birgə təşkilatçılığı ilə baş tutan işgüzar səfərin birinci günündə ABŞ Dövlət Departamenti, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən “Avrasiyadakı geosiyasi dəyişikliklər fonunda ABŞ-nin maliyyə siyasəti” mövzusunda brifinq təşkil edilmişdir.
Görüş çərçivəsində AMB-nin idarə heyəti sədrinin birinci müavini Rəşad Orucovun və ABA-nın prezidenti Zakir Nuriyevin açılış nitqindən sonra, Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev tərəfindən “Çirkli pulların yuyulması/terrorizmin maliyyələşdirilməsi ilə mübarizə” sahəsində Azərbaycanda görülmüş işlər barəsində təqdimat keçirilmişdir. Həmçinin görüş iştirakçıları ilə mövzu ətrafında müzakirlər aparılmış, suallar cavablandırılmış, belə görüşlərin davamlı olmasının əhəmiyyəti və birgə maarifləndirici tədbirlərin keçirilməsinin önəmi vuğulanmışdır.
Missiyanın ilk gününün növbəti görüşü Amerika Banklar Assosiasiyasının (Assosiasiya) Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə olmuşdur. Görüşdə Assosiasiya tərəfindən “Amerika bankları ilə müxbir bank əlaqələrinin qurulması: sadədən ən yaxşı təcrübələrə qədər” başlığı altında vorkşop keçirilmişdir. Görüş zamanı ABA-nın icraçı direktoru Yunus Abdulov tərəfindən bank sektoruna dair təqdimat keçirilmiş, iclas istirakçıları müxbir münasibətlərin qurulması, ticarətin maliyyələşdirilməsi, ABŞ bank sektorunda yeni inkişaf trendləri və digər mövzularda müzakirələr aparmışlar.
Missiya iştirakçılarını həmin gün Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim qəbul etmişdir. Səfir bu kimi missiyaların təşkilinin tərəflər arasında konstruktiv dialoqun və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verdiyini və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsində bank-maliyyə sektorunun da rolunun önəmli olduğunu qeyd etmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.