Macarıstanın biznes nümayəndələri ilə görüş olub

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və ölkəmizdə səfərdə olan, Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstan biznes nümayəndələri ilə görüşüblər.

Macar iş adamları P.Siyartonun başçılıq etdiyi nümayəndə heyəti tərkibində ölkəmizdə səfərdədirlər.

Macar iş adamları Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti tərkibində ölkəmizdə səfərdədirlər.

S.Babayev iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə imkan yaratdığını bildirib. O, ölkələrimiz arasında əlaqələrin ildən-ilə inkişaf etməkdə olduğunu vurğulayıb. İqtisadi əməkdaşlıqda ticarət əlaqələrinin əhəmiyyətini, Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcmində ardıcıl artımların olduğunu, 2020-ci ildə də 9%, o cümlədən idxalda 8%, ixracda 60% artımın olduğunu qeyd edib.

Nazir qarşılıqlı maraq və səylər nəticəsində və mövcud olan potensiala uyğun olaraq əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağını bildirib. Xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı, təmir-tikinti və s. sahələr üzrə ölkəmizdə 19 Macarıstan şirkətinin fəaliyyət göstərdiyini və onların uğurlu fəaliyyətini vurğulayıb.

S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ərazilərimizi Ermənistanın işğalından azad etdiyini bildirib. İşğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə artıq böyük quruculuq işlərinə başlandığını deyən nazir Macarıstan şirkətlərinin də bu quruculuq proqramında iştirak etməyə hazırlaşmasının məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Nazir ötən dövrdə keçirilən belə görüşlərin, biznes forumların, qarşılıqlı maraq doğuran təqdimatların önəmini qeyd edib. Hökumətlərarası Komissiyanın fəaliyyətinin də iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini deyib.

Görüşdə macar şirkətlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq məsələlərinə, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrinə dair fikir mübadilələri aparılıb.

Görüş zamanı Azərbaycan və Macarıstan biznes nümayəndələri tərəfindən təqdimatlar edilib.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı