Bank sektoruna maliyyə axını dövlətə və əhaliyə nə qazandıracaq?

BBN.az saytı Sizə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ekspertlər qrupunun sədri, bank-maliyyə eksperti Elman Sadiqovun növbəti məqaləsini təqdim edir. Bu məqalə “Bank sektoruna maliyyə axını dövlətə və əhaliyə nə qazandıracaq?” mövzusundadır.

Bank sektoruna maliyyə axını dövlətə və əhaliyə nə qazandıracaq?

Məqalənin I hissəsində bankların sayı ilə əhalinin sayı, ölkənin ərazisi və bankların sayı arasında hər hansı nisbət haqqında heç bir nəzəriyyənin, qanunauyğunluğun, qəbul olunmuş normativin olmadığı, bu göstəricilərin ümumiyyətlə iqtisadi göstərici kimi qeyd olunmadığı qısaca qeyd olundu. Bu sahədə vurğulanan arqumentlərdən biri də budur ki, ölkədə yüksək rəqabət var və 30 bank üçün böyümə potensialı yoxdur. Birincisi, rəqabət pis bir amil deyildir, əksinə müsbət amildir və banklar arasında əsl rəqabət cəmiyyətin, iqtisadiyyatın xeyrinədir. Bəs rəqabət varsa faizlər niyə yüksəkdir? Geniş mövzudur. Bu mövzu ilə bağlı fikirlərimi ictimaiyyətə yaxın günlərdə təqdim edəcəyəm. Rəqabət mühitində bankların qarşısında duran əsas məsələlərdən biri fəaliyyət istiqamətləri üzrə çeşidin artırılmasıdır. Bu məsələ də ayrıca bir mövzudur. İndi əsas müzakirə mövzusuna və suala qayıdaq. Azərbaycan bank sektorunun böyümək üçün potensialı varmı? Bəli var. Bu potensial təqribən nə qədərdir? Ölkə iqtisadiyyatının ən azı 15-20 milyard manat maliyyəyə, kreditə ehtiyacı olduğunu bildirmişdim. Ölkə Prezidentinin 06.12.2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “Strateji Yol Xəritələri”ndə də lazım olan investisiyanın ən azı 25 milyard olacağı ətraflı şəkildə qeyd olunmuşdur. Bir də məsələyə bu günün prizmasından yanaşaq. Azərbaycanın 2017-ci il ərzində Ümumi Daxili Məhsulu (ÜDM) 70 milyard 135 milyon manat, 31.08.2018-ci il tarixə bankların ümumi aktivlərinin cəmi 28 milyard 127 milyon manat olmuşdur. Texniki hesablama metodologiyaları, qəbul olunmuş əmsallar və sair haqqında yoruculuğa yol verməmək üçün ətraflı bəhs etmədən sadəcə 2013-cü ildə bank sektorundakı aktivlərin həcmi, ÜDM, inflyasiya dərəcələri, manatın devalvasiyalarını nəzərə aldıqda bu gün bank sektorunun aktivlərinin həcmi normal senaridə 55-60 milyard manat, ən pis halda isə 50 milyard ətrafında olmalı idi. Deməli inkişaf üçün böyük potensial var (ən azı 22 milyard manat). Bu rəqəm bütün banklara kifayət edə biləcək böyük bir potensialdır. Digər kiçik bir rəqəm əhalinin depozitlərinin məbləğidir. 31.08.2018-ci il tarixə fiziki şəxslərin (əhalinin) cəmi depozit portfeli 7.9 milyard manat olmuşdur. Potensial rəqəmdən ən azı 2 dəfə aşağı bir rəqəmdir. Bəs banklarda real sektoru kreditləşdirmək üçün kifayət qədər resurs varmı? Resurs var, amma bu resurs bankların gündəlik fəaliyyəti, müştərilərin müxtəlif əməliyyatlarının (köçürmə, konvertasiya və sari) icrası üçün kifayətdir, iqtisadiyyatın müxtəlif sahələrinin lazımi səviyyədə kreditləşməsi, böyük layihələrin maliyyələşməsi üçün azdır, kifayət qədər deyil. Xarici fondlardan istifadə də maliyyətlidir, dünyada faiz dərəcələri də artmaqdadır. Deməli xaricdən cəlb olunan maliyyə qısa müddət üçün cəlbedici ola bilər, orta və uzun müddət üçün risklidir. İndi isə real sektora nəzər salaq.Real sektor banklara rentabelli və əsaslandırılmış biznes planlar təqdim edirlərmi? Bu biznes planlar hesabatlılıq, hesablama, əsaslandırma baxımından tələblərə cavab vermirsə hansı mexanizmlər tətbiq olunmalıdır? Sindikatlaşdırılmış kreditlər, layihə idarəçiliyi, bank, sahibkar və kənar investorun payçılığı (bu mexanizm fond birjasının da tədricən inkişafına təkan verə bilər) əsasında layihələrin maliyyələşdirilməsi, dövlətin müxtəlif strateji layihələrdə nəzarət və təminat məqsədli müəyyən pay (5%-49%) sahibi kimi çıxış edərək, layihə işləməyə başlayanda həmin payın satılması və sair mexanizmlər (bu mexanizmlərlə bağlı “Risk” jurnalındakı müsahibəmi dəyərli oxuculara təqdim edəcəyəm) hazırlana bilər. Bütün bunlar üçün lazım olan resursları isə dövlət qəbul etdiyi bir proqram çərçivəsində Mərkəzi Bank vasitəsilə banklara verir. Bu resurslar əsla yardım deyildir, müəyyən müddətli (məsələn 10 ilə qədər) aşağı faizli kreditlər kimi verilir. Yəni, dövlət və büdcə itirmir. Bank aldığı bu resurslar qarşılığında müəyyən öhdəliklər götürür. Məsələn, ABŞ dolları ilə verdiyi kreditləri 1.4 kursu ilə manata konvertasiya edir. Həmin resursların hamısını və ya əhəmiyyətli faizini (95% biznes kreditləri və 5% istehlak kreditləri (buradakı nisbət istehlak kreditləri ilə bağlı Mərkəzi Bankın risk iştahasından, inflyasiya, istehlak kreditləri bazarı və ABŞ dollarının kursuna olan təzyiqin dərəcəsindən asılıdır) real sektora istiqamətləndirir. Burada həm dövlət udur, həm bank və maliyyə sektoru, həm real sektor, həm də əhali.

Bəs hansı həcmdə pul inyeksiyası məqbul hesab oluna bilər?

Bu gün iqtisadiyyata lazım olan bütün vəsaitin iqtisadiyyata inyeksiyası (pul kütləsinin iqtisadiyyata daxil edilməsi) mümkün deyildir. Çünki, qısa müddətə real sektor bu vəsaiti həzm edə bilməz, həmin vəsaitlər üzrə iqtisadi itki çox olar (başqa sözlə iqtisadi dəyəri az olar), inflyasiya və manatın kursuna təzyiq artar. Lakin, təqribi hesablamalarıma görə növbəti 6 ay ərzində bank sektoruna 2 milyard manat pul inyeksiyası vacibdir və həmin vəsait real sektora yönələcəyi təqdirdə multiplikasiya effekti(sadə dillə desək, iqtisadiyyata daxil olan hər 1 manatın dövriyyə nəticəsində yaradacağı əlavə pul kütləsi) nəticəsində təqribən 4.5-5 milyard manat ətrafında olacaq. Əgər ölkədə pulun dövretmə tezliyi daha yüksək olsa bu rəqəm daha da yüksək olar. Yeni açılacaq iş yerləri və artan gəlirlər fonunda növbəti illərdə bu effekt daha da artacaq. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həmin vəsaitlər üzrə müntəzəm nəzarət mexanizmi + həmin vəsaitlərin yerləşdirilməsi zamanı yuxarıda qeyd etdiyim və etmədiyim müxtəlif mexanizmlərin tətbiqi + dövlətin bu işdə nəzarətçi funksiyası oynaması + keçmiş acı təcrübələrin nəzərə alınması həmin vəsaitlərin iqtisadi dəyər qazandırma effektini artıracaq. Bank sektoruna inam daha da artacaq, həm həmin vəsaitlərin dövriyyəsi nəticəsində hüquqi şəxslərin müddətli və tələbli depozitlərinin həcmi (31.08.2018-ci il tarixə bu göstərici cəmi 9.4 milyard manatdır), həm də artan inam nəticəsində əhalinin depozitləri artacaq. Nəticədə 2 il ərzində bank sektorunun cəmi aktivlərinin ən azı 35-37 milyard manata qədər artma ehtimalı yüksəkdir. Bank sektoru buna nail olarsa növbəti illərdə bu artım daha sürətlə gedər. Narahat edən 2 fikir (inflyasiya və manatın kursuna təzyiqlər) barədə qısaca qeyd edim ki, bu vəsait illik dövlət büdcəsinin təqribən 10%-dən, ÜDM-nin 3%-dən də az hissəsini təşkil edəcək. Manatın kursuna təzyiqə gəlincə. Bu təzyiq qısa müddətə ola bilər. Hazırki neft qiymətləri və tədiyyə balansı təzyiqi tamamilə minimallaşdırmağa imkan verir. Orta və uzun müddətdə isə əksinə. Manatın kursunun daha dayanıqlı olmasına yardım edəcək. Çünki, həmin vəsaitlərin investisiyası həm idxalın əvəz olunmasına, həm də ixracın artımına xidmət edəcək. 2 milyard manat Mərkəzi Bankın 5.5 milyard dollar həcmində olan mövcud valyuta ehtiyatları qarşısında manata böyük təzyiq yarada bilməz.

Bəs bu vəsait hansı mənbə hesabına formalaşacaq? Vəsaitlərin mənbəyinin bir hissəsi və ya hamısı Dövlət Neft Fondu və bir hissəsi də büdcə kəsiri ola bilər. İqtisadçılar yaxşı bilirlər ki, əslində normal səviyyəli büdcə kəsiri iqtisadiyyatın böyüməsinə xidmət göstərir və yaranmış kəsir böyümə məqsədli olur. İndiki halda bu kəsirin əsas hissəsi maliyyələşməyə yönələrsə, bu, növbəti il üçün büdcənin artmasına təkan verə bilər. Bu məsələni ona görə qeyd etdim ki, dəyərli oxucular büdcə kəsirinin maliyyələşməyə yönəlməsi zərərli ola bilər fikrində olmasınlar. Mənbə var və aydındır, illik faiz dərəcəsinin 3% olması isə hər bir tərəfə xeyirdir. Təfsilata ehtiyac yoxdur. Çünki, sadə iqtisadi hesablamalar bunu bariz şəkildə göstərir. Müddət: 10 il maksimum müddətdir ki, tələskənlik olmasın. Vəsaitlərin bir hissəsi 3 ilə, bir hissəsi 5-7 ilə, qalan hissəsi isə 10 ilə qayıda bilər.

Burada önəmli məsələ vaxt amilidir. Maliyyə sektorunda problemlərə vaxtında müdaxilə və onların həlli ilə bağlı ölkə rəhbərliyi xüsusilə son 3 ildə böyük təcrübə nümayiş etdirmişdir və vaxtında atdığı 3 həlledici addımın maliyyə sektorunu xilas etməsi təkzibedilməz və mübahisə mövzusu olmayan faktlardır. (Əmanətlərin məbləğindən asılı olmadan (maksimum faiz dərəcələri əsas götürülərək) sığortalanması, bağlanan banklarda qorunan əmanətlərin ödənişi, Beynəlxalq Bankın toksik aktivlərinin alışı). Əhalinin və iş adamlarının maliyyə savadlılığı məsələsində də müsbətə doğru irəliləyişlər hiss olunmaqdadır.

Qeyd etdiyim məsələnin mahiyyətini hörmətli oxuculara daha sadə dillə ifadə etmək üçün obrazlı şəkildə tibb terminologiyası iləAzərbaycan iqtisadiyyatını insanla müqayisə edək. Qəzaya düşmüş insan xilas edildi. Qanaxma (sektordan kapital axını) dayandırıldı, təzyiq (inflyasiya) normallaşdırıldı, qan-damar sistemi (bank sektoru) normal rejimə gətirilir, müxtəlif orqanların (real sektorun müxtəlif sahələri) ciddi şəkildə müayinə və müalicə olunur. Hazırda ehtiyac hiss olunan əsas məsələ, bədənin (iqtisadiyyatın) digər orqanlarının normal qidalanması və qan-damar sisteminin (bank sektoru) daha səmərəli və geniş fəaliyyəti üçün itirilmiş qanın (kapital, pul) bərpası, inyeksiyadır. Orqanlara lazım olan qidalanma (investisiya) isə qan-damar sistemi (bank sektoru) vasitəsilə çatdırılan qan (pul-kredit) vasitəsilə olur.

Qeyd etdiklərim şəxsi hesablama, araşdırma, təcrübə və yanaşmalarım nəticəsində yaranan fikirlərimdir. Yanaşmalar, düşüncələr fərqlidir. Amma araşdırdığım və tədqiq etdiyim demək olar ki, bütün böhranlarda maliyyə sektoruna kapital inyeksiyasının olması danılmaz bir faktdır.

Sonda yaxın keçmişdə baş vermiş bir faktı qeyd edim. ABŞ-da 2008-2009-cu illərdə TARP (Troubled Asset Relief Program) proqramı çərçivəsində maliyyə sektoruna 426.7 milyard dollar vəsait inyeksiya edilmiş, 2014-cü ilin sonunda 15.3 milyard dollar xalis mənfəətlə 441.7 milyard dollar büdcəyə geri qayıtmışdır. Proqramın ilkin məbləği 700 milyard dollar olmuşdur. Proqram konqresdə birinci səsvermədən keçməmişdir. Lehman Brothers şirkəti batdıqdan sonra 2-ci dəfə səsə qoyulmuş və qəbul olunmuşdur. 700 milyardın hamısı deyil, qeyd olunduğu kimi 426.7 milyard dolları istifadə edilmişdir. Bu proqramdan əlavə real sektora da maliyyə yardımı nəzərdə tutan başqa bir proqram da qəbul olunmuşdur ki, mövzu maliyyə sektoru olduğu üçün sadəcə TARP proqramını məlumat üçün qeyd etdim.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır