Maliyyə Bazarlarına Nəzarət Palatasında Avropa Banklar Federasiyası ilə görüş keçirilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Avropa Banklar Federasiyasının (ABF) Baş icraçı direktoru Wim Mijs və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin iştirakı ilə görüş keçirilib.

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Palata tərəfindən maliyyə sabitliyi sahəsində həyata keçirilmiş tədbirlər, Bazel standartlarına çatmaq üzrə ölkədə maliyyə sahəsində aparılan islahatlar və görülmüş işlər barədə məlumat verib. Daha sonra Palatanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar və xarici ölkələrin maliyyə nəzarəti orqanları barədə məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb. İ.Alışov həmçinin ABF-nın Avropanın maliyyə sektorundakı geniş təcrübəsindən və mövcud imkanlarından bəhs edərək maliyyə sektoru üzrə təcrübə mübadiləsində və əməkdaşların təlim ehtiyaclarının qarşılanmasında Palatanın ABF ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib.

Öz növbəsində Vim Mijs Avropa maliyyə bazarlarının özəllikləri, inkişaf yolları və üzləşdiyi çağırışları qeyd edib. V. Mijs Azərbaycanda maliyyə sektorunun kifayət qədər rəqabətqabiliyyətli və sabit olduğunu vurğulayıb və bu sabitlikdə Palatanın da rolunun yüksək qiymətləndirdiyini bildirib. ABF-nin Avropanın bir çox təlim-tədris mərkəzləri ilə sıx əməkdaşlıq etdiyini və Palata ilə Avropanın təlim-tədris mərkəzləri ilə əməkdaşlığın qurulmasında mümkün dəstək göstərəcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır