Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”i təsdiq edib.
BBN.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Əvəzində qurumun “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 14 iyul 2021-ci il tarixli qərarı ləğv edilib.
Yeni qərara əsasən maliyyə qurumları informasiya təhlükəsizliyinin idarə edilməsi sistemini (İTİS) davamlı təkmilləşdirməli, bu istiqamətdə informasiya təhlükəsizliyi siyasəti hazırlanmalıdır. Bu siyasətə azı ildə 1 dəfə ayrıca, habelə risklərin idarə edilməsi sisteminə baxılarkən yenidən nəzərdən keçirilir və tələb edildikdə müvafiq dəyişikliklər edilə bilər. Bundan başqa, İTİS-in davamlılığının, adekvatlığının və effektivliyinin təmin edilməsi üçün dəyişikliklər edildikdə informasiya təhlükəsizliyi siyasətinə növbədənkənar qaydada yenidən baxıla bilər.
Bu Tələblərə uyğunluğun qiymətləndirilməsini kənar auditor I kateqoriya nəzarət subyektlərində (banklar, sığortaçılar, mərkəzi depozitar, İcbari Sığorta Bürosu, kredit büroları, elektron pul təşkilatları və ödəniş sistemlərinin operatorları) ildə 1 dəfədən az olmayaraq, II və III kateqoriya nəzarət subyektlərində (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, poçt rabitəsinin milli operatoru, ödəniş təşkilatları, səhmdar investisiya fondları və investisiya fondlarının idarəçiləri; kredit ittifaqları istisna olmaqla, bank olmayan kredit təşkilatları) 2 ildə bir dəfədən az olmayaraq aparacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.