Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında çıxış edib – Tam mətn

13 noyabr 2023-cü il tarixində Maliyyə naziri Samir Şərifov Milli Məclisin payız sessiyasında növbəti plenar iclasda çıxış edib.

O, bildirib ki, Azərbaycan dövləti artıq 3 ildir ki, müasir sosial-iqtisadi inkişafının ən vacib prioriteti kimi müəyyən etdiyi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesini sürətlə həyata keçirir: “2020-ci ilin sonundan etibarən yenidənqurma və bərpa tədbirlərinə hər il dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, büdcənin əlavə gəlirləri və qənaətləri səfərbər edilməklə 11 milyard manatdan çox vəsait xərclənib. Cari ilin sonunda isə bu xərclərin 12 milyard manata çatması gözlənilir. Bu vəsaitlər hesabına Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük infrastruktur layihələr tamamlanaraq istifadəyə verilib, irimiqyaslı layihələrin əsası qoyulub. “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan, Laçın, Füzuliyə vətəndaşların qayıdışına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası qarşıdakı illərdə də əsas milli prioritetlərdən biri olacaq”.

Nazir qeyd edib ki, Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində dövlətimizin haqlı mövqeyinin və maraqlarının müdafiəsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi xərclərinin yüksək səviyyədə saxlanılması növbəti il üçün də əsas prioritet olaraq qəbul edilib.

Samir Şərifov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat məbləğində nəzərdə tutulub: “Dövlət büdcəsinin xərcləri növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsula nisbətdə 31,1%, 2023-cü illə müqayisədə 0,5% bənd çox, gəlirləri 28,9%, 2023-cü illə müqayisədə 0,6 faiz bənd çox, kəsiri isə 2,2%, 2023-cü illə müqayisədə 0,1% bənd az təşkil edəcək”.

Qeyd olunub ki, cari ilin iyununda yenidənbaxılma ilə 3,4 milyard manat məbləğində və ya 10,2% artırılmış 2023-cü ilin dövlət büdcəsinin xərcləri ilə müqayisədə növbəti ilin dövlət büdcəsinin xərcləri 0,4% artımla proqnozlaşdırılsa da, 2020-ci illə müqayisədə 2024-cü il dövlət büdcəsinin xərcləri 10 milyard 347 milyon manat və ya 40% artıb: “Növbəti ilin dövlət büdcəsi xərclərinin 18,8 milyard manatı və ya 51%-dən artıq hissəsi məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması  üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Buna uyğun olaraq, 2024-cü ildə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə dövlət büdcəsi xərclərinin 10,9%-i və ya 4 milyard manat məbləğində vəsait ayrılacaq. Müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5% və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu, 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6% çoxdur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün növbəti il dövlət büdcəsi xərclərinin 4,1%-i və ya 1 milyard 509 milyon manat vəsait yönəldiləcək”.

Bildirilib ki, növbəti ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə sahələrində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşdırılması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da nəzərdə tutulub.

Qeyd edilib ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43%-i, onun cari xərclərinin isə 70%-i və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq: “Cari ilin göstəriciləri ilə müqayisədə bu, 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. Xərclərin 24,5%-i və ya 9 milyard manatı, sosialyonümlü xərclərin isə 57%-i əməyin ödənişi xərclərinin payına düşür. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün 4 milyard 542 milyon manat, sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 631 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 355 milyon manat vəsait nəzərdə tutulur. Dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 871 milyon manat, bütövlükdə dövlət və icmal büdcələrindən bu sahəyə isə 3 milyard 307 milyon manat vəsait ayrılacaq. Təhsil və elm xərclərinə 4 milyard 779 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün 1 milyard 110 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bununla yanaşı, sahibkarlığın inkişafına bir sıra maliyyə alətləri vasitəsilə dəstək verilməsi, ölkənin enerji, qaz, su təchizatı, nəqliyyat, kommunal, kənd təsərrüfatı, sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı, habelə dövlət borclarına xidmətlə bağlı və digər xərclər üçün dövlət büdcəsi vəsaitlərinin ayrılması nəzərdə tutulub. Həmçinin, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq fəaliyyətin həyata keçirilməsi, o cümlədən xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımların göstərilməsi məqsədilə dövlət büdcəsində müvafiq həcmdə təsisatlar proqnozlaşdırılır”, – deyə nazir əlavə edib.

Bildirilib ki, təqdim edilən layihədə dövlət büdcəsi xərclərinin 93%-nin və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Nəzərə çatdırılıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri bərabər səviyyədə neft və qeyri-neft sektorlarından toplanacaq daxilolmalar hesabına təmin olunur: “Qeyri-neft sektorundan proqnozlaşdırılan gəlirlərin 58,2% və ya 9 milyard 890 milyon manatını vergi daxilolmaları, 34,7% və ya 5 milyard 9 milyon manatını gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,9% və ya 831 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 2,2% və ya 388 milyon manatını digər daxilolmalar təşkil edəcək. Dövlət büdcəsinin neft-qaz sektorundan gəlirləri Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək 12 milyard 781 milyon manat məbləğində transfert nəzərə alınmadan, 4 milyard 384 milyon manat məbləğində proqnozlaşdırılır”.

Maliyyə naziri nəzərə çatdırıb ki, 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. O, qeyd edib ki, Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. “Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək”, – deyə nazir bəyan edib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı