Maliyyə Nazirliyi Qeyri-hökumət təşkilatlarına müraciət edib

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir.  Qeyd edirik ki, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının alınması “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram”ı vasitəsilə həyata keçirilir. Bunun üçün www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulmuşdur.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:

Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 469 Günay Mamedova, 287 Gəray Məmmədov

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI (İCTİMAİ BİRLİKLƏR VƏ FONDLAR) HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

29.4. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31.8. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı