Manatın pul bazası artıb

May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6% artıb ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir. Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə qalığın azalması fiskal profisit şəraitində pul bazasını hədəf daxilində tənzimləməklə əlaqədardır.

Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalır. Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1%, o cümlədən hüquqi şəxslər üzrə 2.7% azalıb. Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir. Bu fonda cari ildə bankların xarici investisiya aktivliyi diqqəti cəlb edir.

Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcək.

Bu qərar 7 iyun 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-ci il iyulun 26-da ictimaiyyətə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır