Mobillik sahəsində on ildən artıq qlobal təcrübəyə malik “Mastercard” nəqliyyat ödənişləri üzrə yeni standartlar formalaşdırmaqda davam edir. Şirkətin açıq dövrəli (open-loop) həlləri hazırda İstanbul, London, Amsterdam, Sinqapur, Nyu-York və Sidney də daxil olmaqla dünyanın 300-dən çox şəhərində tətbiq olunur.
Bakı da bu istiqamətdə modernləşmənin növbəti mərhələsinə keçid edir. Paytaxtda ictimai nəqliyyatda kart və mobil cihazlarla ödəniş imkanlarının genişləndirilməsi prosesi başlayıb. Hazırda “Mastercard” kartları ilə təmassız ödənişlər metro stansiyalarında tətbiq edilir, növbəti mərhələdə isə sistemin avtobuslara inteqrasiya olunması gözlənilir.
Şirkət Azərbaycanın ictimai nəqliyyat sistemində açıq dövrəli ödəniş modelinə keçid prosesinə dəstək göstərərək şəhər mobilliyinin rəqəmsal transformasiyasına töhfə verir. Bu model sərnişinlərə ayrıca nəqliyyat kartı almağa ehtiyac olmadan, mövcud bank kartlarından, telefon və geyilə bilən cihazlardan istifadə etməklə sürətli və rahat keçid imkanı yaradır. Həm yerli istifadəçilər, həm də turistlər üçün vaxt itkisinin və əlavə xərc riskinin minimuma endirildiyi qeyd olunur.
“Mastercard”ın təcrübəsi göstərir ki, açıq dövrəli sistemlər tətbiq olunduğu şəhərlərdə həm əməliyyat xərclərini azaldır, həm də sərnişin məmnuniyyətini artırır. London və Hollandiya nümunələri vahid kartla metro, avtobus və tramvayda sərbəst istifadə imkanının nəqliyyat sistemində çevikliyi artırdığını sübut edir. Sinqapur və Türkiyədə isə bu model rəqəmsal ödənişlərin payının yüksəlməsinə səbəb olub.
Şirkət hesab edir ki, açıq dövrəli ödənişlər gələcək şəhər mobilliyinin əsas elementlərindən biridir. Rəqəmsal həllər nağd dövriyyənin azalmasına, proseslərin avtomatlaşdırılmasına, fırıldaqçılıq risklərinin minimallaşdırılmasına və daha dayanıqlı nəqliyyat ekosisteminin formalaşmasına şərait yaradır.
“Mastercard” haqqında
“Mastercard” 200-dən çox ölkə və ərazidə fəaliyyət göstərən qlobal ödəniş texnologiyaları şirkətidir. Şirkət iqtisadi inkişafı dəstəkləyən təhlükəsiz, sürətli və ağıllı rəqəmsal ödəniş həlləri təqdim edir.