MBNP-da “Visa Inc.” beynəlxalq kart təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə “Visa Inc.” beynəlxalq kart təşkilatının Qafqaz, Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərq Avropa regionu üzrə baş meneceri Kristina Dorosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İlk olaraq Palata tərəfindən “Visa Inc.” beynəlxalq kart təşkilatının brendini daşıyan ödəniş kartları ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində ödəniş əməliyyatlarının aparılmasının dayandırılması ilə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün gözlənilməsi, beynəlxalq hüquqi normaların tələblərinə əməl edilməsi diqqətə çatdırılmışdır.

Görüşdə “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən təqdim edilən yeni məhsul və xidmətlər, ödəniş kartları bazarında innovativ texnologiyaların tətbiqi, ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində birgə həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparılmışdır.

Palata ilə “Visa Inc.” beynəlxalq kart təşkilatı arasında əməkdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu bu görüşdə tərəfləri maraqlandıran məqamlara, o cümlədən ödəniş kartları sahəsində qanunvericilik bazasında aparılacaq dəyişikliklərə, ödəniş kartı sahiblərinin əldə edəcəyi üstünlüklərə, elektron ödənişlərin stimullaşdırılması üzrə birgə layihələrin keçirilməsinə toxunulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır