MBNP-nın nümayəndəsi Qazaxıstanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı forumunda iştirak edib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin direktoru vəzifəsini icra edən Samir İsmayılov 15 may 2019-cu il tarixində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının “İnfrastruktur investisiyaları və borcalmanın dayanıqlılığının balanslaşdırılması” mövzusunda Qazaxıstanın Nur-Sultan şəhərində keçirilmiş forumda iştirak edib.

Asiya İnkişaf Bankı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş forumda CAREC proqramına üzv olan 11 ölkənin yüksək vəzifəli şəxsləri, o cümlədən iqtisadiyyat və maliyyə nazirləri, mərkəzi bank rəhbərləri və onların müavinləri iştirak edib. Forumda infrastruktur investisiyaları, fiskal və borcalma startegiyaları, habelə infrastruktur layihələrinin kapital bazarları vasitəsilə maliyyələşdirilməsi imkanları barədə təcrübə mübadiləsi aparılıb və bu sahədə beynəlxalq maliyyə institutlarının rəhbər şəxsləri və ekspertləri tərəfindən tədbir iştirakçılarına tövsiyələr verilib.

Palatanın nümayəndəsi S.İsmayılov forumun panel müzakirələrində iştirak edib və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən davamlı islahatlar, onların ölkənin fiskal siyasətinə və investisiya mühitinə müsbət təsiri, dövlət borcalmasının həyata keçirilməsində ölkənin kapital bazarlarının təklif etdiyi imkanlar və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” barəsində məlumat verib, habelə Azərbaycan hökuməti tərəfindən dövlət qiymətli kağızları bazarının inkişaf etdirilməsi və beləliklə də tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə xarici borcalmaların əvəzlənməsinin hədəfləndiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır