MBNP və Rusiya Mərkəzi Bankının birgə təşkilatçılığı ilə banklararası əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Dəyirmi Masası keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası və Rusiya Mərkəzi Bankının birgə təşkilatçılığı ilə banklararası əməkdaşlıq üzrə Rusiya-Azərbaycan dəyirmi masası keçirilib. Tədbirdə həmçinin Azərbaycan Mərkəzi Bankı, Azərbaycan və Rusiyanın yerli banklarının nümayəndələri və hər iki ölkənin banklar assosiasiyasının nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq əlaqələrindən bəhs edilib və Maliyyə Bazarlarına Nəzarət Palatasının Rusiyanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.

Rusiya Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Andrey Melnikov tədbirin təşkilinə görə Maliyyə Bazarlarına Nəzarət Palatasına öz təşəkkürünü bildirib və Rusiyanın maliyyə bazarlarında baş verən son trendlər, Rusiyada maliyyə sabitliyinin saxlanması üçün Rusiya Mərkəzi Bankı tərəfindən atılan addımlar barədə tədbir iştirakçılarına məlumat verib.

Palatanın əməkdaşları qurumun yarandığı dövrdən bank sektorunun dayanıqlığının təmin olunması və sağlamlaşdırılması, həmçinin maliyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə geniş təqdimatla çıxışlar edilib və ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman barədə ətraflı məlumat verilib.

Görüşdə ölkə əhalisinə dövlət dəstəyinin bariz nümunəsi kimi imzalanan və icra olunan Fərmanın böyük çərçivədə insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməsi ilə yanaşı, bankların maliyyə stabilliyinin bərpa edilməsində mühüm rol oynayacağı xüsusi olaraq vurğulanıb.

Görüş hər iki ölkənin bank sektorunun nümayəndələrini maraqlandıran suallar ətrafında müzakirələr ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır