Media nümayəndələri gömrük işinin təşkili və islahatların nəticələri ilə tanış olublar

Lənkəran şəhərində “Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər” mövzusunda keçirilən təlim çərçivəsində kütləvi informasiya vasitələri nümayəndələrinin noyabrın 29-da Cənub Ərazi Baş Gömrük İdarəsinin İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara gömrük postuna səfəri təşkil olunub.

Məqsəd media nümayəndələrinə gömrük sistemində aparılan islahatları, əldə edilən nəticələri əyani şəkildə nümayiş etdirmək olub.

Səfər zamanı media nümayəndələri ixrac və idxal gömrük nəzarət xəttində həyata keçirilən əməliyyatları izləyib, sərnişin keçid xətlərində gömrük nəzarətinin təşkili prosesi ilə tanış olublar.

Astara gömrük postunun rəisi Habil Mehdiyev jurnalistlərə məlumat verib ki, gün ərzində 8 minə qədər sərnişin və 300-dən artıq yük nəqliyyat vasitəsinin, eyni zamanda, 50-yə qədər yüngül minik nəqliyyat vasitəsinin bu gömrük postu vasitəsilə keçidi təmin olunur.

Gömrük sistemində kadr və struktur islahatları hesabına dinamik idarəçilik mexanizminin tətbiq olunduğunu bildirən Habil Mehdiyev artıq sərhədkeçmə proseslərində intensivliyin təmin olunduğunu, vətəndaş-məmur münasibətlərinin minimuma endirildiyini, vaxt və vəsait itkisinin aradan qaldırıldığını diqqətə çatdırıb.

Eyni zamanda, media nümayəndələrinə müvəqqəti saxlanc anbarlarının təyinatı, bu anbarlarda malların saxlanılması qaydaları, mobil gömrük nəzarətinin tətbiqi, “Yaşıl dəhliz” buraxılış sistemi ilə malların və nəqliyyat vasitələrinin hərəkəti və qeydiyyatı ilə bağlı məlumat verilib.

Günün ikinci yarısında isə təlim çərçivəsində təqdimatlar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır