Məhsul bazarında olan son vəziyyət

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata istinadən, 2018-ci ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- sentyabr ayları ilə müqayisədə 3,3 faiz artaraq 14188,7 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 6441,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,3 faiz artaraq 7747,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 24,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 28,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 16,2 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır