Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Merlər Razılaşması – Şərq Tərəfdaşlığı yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanlar haqqında daha bir maarifləndirici tədbir təşkil edib.
Tədbir 13 fevral tarixində Naxçıvanda keçirilib və təxminən 35 bələdiyyə nümayəndəsini bir araya gətirib. Görüşün əsas məqsədi təşəbbüsə qoşulmaq istəyən tərəflərə Merlər Razılaşmasına üzvlüyün praktikada nə demək olduğunu aydın şəkildə izah etmək olub. Merlər Razılaşması – Şərq Tərəfdaşlığı komandası təşəbbüs haqqında məlumat verib və şəhərlər üçün mövcud olan konkret dəstək mexanizmlərini təqdim edib. Bu dəstəyə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması ilə bağlı metodiki vasitə, irəliləyişin izlənilməsi üçün alətlər, layihə dəstək xidməti, potensialın artırılması fəaliyyətləri, eləcə də iqlim layihələrinin icrasına yönəlmiş texniki dəstək daxildir.
Tədbiri açılış nitqi ilə başlayan Aİ-nin Azərbaycandakı səfiri Marijana Kujundzic iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolunu vurğulayıb və bələdiyyələri təşəbbüsə qoşulmağa dəvət edib.
Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov enerji səmərəliliyinin Azərbaycanın davamlı inkişaf gündəliyinin əsas istiqamətlərindən biri olduğunu və bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımların mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, Naxçıvandan əvvəl eyni maarifləndirici tədbirlər Bakı və Şəki şəhərlərində təşkil olunub.
Merlər Razılaşması – Şərq Tərəfdaşlığı, Qlobal Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə ən böyük alyanslardan biridir və 13 500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləri üzərində qurulub. Bu şəhərlər 6 qitə və 147 ölkəni təmsil edir və ümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.