Mikayıl Cabbarov Milli Məclisin növbəti plenar iclasında çıxış edib

13 noyabr 2023-cü il tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin payız sessiyasında növbəti plenar iclasda çıxış edib.

O, bildirib ki, cari ilin 9 ayında neft-qaz sektorunda real ÜDM-in 1,5% azalmasına baxmayaraq, qeyri-neft/qaz sektorunda iqtisadi artımın 3% təşkil etməsi ümumi iqtisadi artıma müsbət təsir göstərmişdir: “Belə ki, qeyri-neft/qaz sənayesi 6,3%, tikinti sektoru 12,5%, informasiya və rabitə sektoru 14,7%, turizm sektoru 26%, kənd təsərrüfatı 3%, ticarət sektoru isə 3,3% artmışdır. Əsas kapitala investisiya qoyuluşlarının real artım tempinin 21%-i, o cümlədən qeyri-neft-qaz sektorunda 23%-i ötməsi iqtisadi artıma və məşğulluğa müsbət təsir etmişdir ki, burada da işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçirilən investisiyalar mühüm amillərdən biridir”.

Nazir diqqətə çatdırıb ki, neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır: “Belə ki, cari ilin 10 ayında ixrac 29 mlrd. ABŞ dollarını ötmüş, ticarət balansının profisiti 15 mlrd. ABŞ dollarından çox olmuşdur. Qeyri-neft/qaz sektorunun ixracı isə 11%-dən çox artaraq 2,7 mlrd. ABŞ dollarını ötmüşdür. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68%-ə çatmaqdadır. Cari ilin 9 ayında qeyri-neft/qaz sənaye məhsullarının ixracında sənaye zonalarının payı 23%-ə çatmışdır. Həmçinin hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri sayəsində inflyasiya tədricən yavaşlamış, nəticədə, 2023-cü ilin 9 ayında inflyasiya 10,9% olmuşdur”.

Nazir bildirib ki, iqtisadi artımın davam etməsi və şəffaflaşma şəraitində cari ilin 10 ayında dövlət büdcəsinə 14,6 mlrd. manat vergi daxilolmaları təmin edilmiş, proqnozdan əlavə 1,1 mlrd. manata yaxın vergi toplanmışdır: “Qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsinə 8,4 mlrd. manat vergi daxilolmaları (proqnozdan əlavə 550 mln. manat) təmin edilmiş, sektor üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 19%-dən çox artmışdır. Cari ilin 9 ayında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz gəlirlərinin xüsusi çəkisi 59,5% təşkil etmişdir”.

Sosial sığorta yığımları üzrə də yüksək artım dinamikasının müşahidə olunduğunu deyən Mikayıl Cabbarov cari ilin 10 ayında məcburi dövlət sosial sığortası üzrə daxilolmaların ötən ilin eyni dövrü ilə müqayisədə 14%-dən çox artaraq 4,2 mlrd. manat təşkil etdiyini diqqətə çatdırıb: “İşsizlikdən sığorta üzrə daxilolmalar 149 mln. manat təşkil etmiş, daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16%-dək artmışdır”. Cənab Prezidentin təşəbbüsünə uyğun olaraq, əmək bazarının leqallaşdırılması məqsədilə əmək haqqı üzrə islahatların uğurla həyata keçirildiyini vurğulayan nazir, əmək bazarında müşahidə olunan müsbət tendensiyalarla bağlı göstəriciləri diqqətə çatdırıb.

Mikayıl Cabbarov cari ildə ölkə iqtisadiyyatında həyata keçirilən bəzi struktur islahatları və onların nəticələri barədə də qısa məlumat verib. O, bildirib ki, özəlləşdirmədən dövlət büdcəsinə 104 mln. manata yaxın vəsait daxil olub və 10 aylıq proqnoz 116%-dən çox icra edilib. Nazir həmçinin ölkə başçısının tapşırıqlarına əsasən iri dövlət müəssisəsinin restrukturizasiyası və sağlamlaşdırılması, ölkədə azad və sağlam rəqabətin, bazar subyektlərinin hüquqlarının təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması kimi istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

İnvestisiya təşviqi mexanizmlərindən söz açan nazir bu istiqamətdə əsas vəzifənin iqtisadiyyatda yüksək əlavə dəyər yaradan və başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stimullaşdırma alətlərinin geniş tətbiqinin təmin edilməsi olduğunu söyləyib. Qarşıda duran digər mühüm vəzifənin dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların səmərəliliyini  artırmaq və dövlət büdcəsinə dividend ödənişi ənənəsini aşılamaq olduğunu deyən Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Holdinqinə daxil olan 12 portfel şirkətindən artıq 8-nin dividend ödəməyə başladığını və həmin şirkətlərin 2022-ci ildə cəmi əməliyyat mənfəətliliyinin 15 mlrd. manatı keçdyini vurğulayıb. Diqqətə çatdırılıb ki, növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasəti aktualdır və 2024-cü ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli həcmdə dividend ödənişi nəzərdə tutulub.

Sahibkarlığa dəstək tədbirləri ilə bağlı nazir qeyd edib ki, cari ilin 10 ayında sahibkarların ümumi dəyəri 294 mln. manatdan çox 2,4 mindən artıq layihəsinə 127 mln. manatadək güzəştli kredit verilib: “Həmçinin cari ildə yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib”.

Cari ildə dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasından danışan nazir bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Muxtar Respublika üzrə vergi daxilolmalarının 32%-dən çox artdığını bildirib. İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərdə istehsalın və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərindən söz açaraq, yerli və xarici sərmayəçilər üçün əlverişli biznes mühitinin formalaşdırılması üçün yaradılan sənaye parkları və görülən digər işlər barədə danışıb.

Mikayıl Cabbarov bildirib ki, 2024-cü il və orta müddətli dövr üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makro-iqtisadi proqnozlar 3 ssenaridə – baza, optimist və pessimist ssenarilərdə hazırlanaraq, büdcə tərtibi prosesində risklərin qiymətləndirilməsi üçün istifadə edilmişdir.

“Ortamüddətli dövrdə neft hasilatının 2022-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir ki, bu da neft hasilatında əsas xüsusi çəkiyə malik AÇG yatağı üzrə hasilatın azalma fazasına keçməsi ilə əlaqədardır. Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı və proqnozlaşdırılan dövrdə 36 mlrd. m3-dən yüksək olacağı gözlənilir. Qeyd olunan amillər nəzərə alınaraq, neft-qaz sektoru üzrə ÜDM-in növbəti ildə 1,7%, 2024-2027-ci illərdə isə orta illik hesabla 1,8% azalacağı proqnozlaşdırılır.

Baza ssenaridə ÜDM-in 2024-cü ildə 2,4%, 2024-2027-ci illərdə isə orta illik hesabla 2,9%, qeyri-neft/qaz ÜDM-nin növbəti ildə 4,6%, 2024-2027-ci illərdə isə orta illik hesabla 4,8% artacağı proqnozlaşdırılır. Təqdim olunan baza proqnozlarına əsasən, qeyri-neft/qaz sektorunun ÜDM-də payı 2027-ci ildə 78%-i ötəcəkdir. Dünya ərzaq bazarlarında qiymətlərin nisbətən aşağı düşəcəyi proqnozları və digər amillər nəzərə alınmaqla, orta illik inflyasiyanın cari ildə 9,5%, 2024-cü ildə 5,3%, 2025-2027-ci illərdə isə 4-5% intervalında olacağı proqnozlaşdırılır. Neft-qaz sektorunda proqnozlaşdırılan hasilat və neft qiymətləri nəzərə alınmaqla, tədiyə balansının cari hesab profisitinin ÜDM-ə nisbətinin 2024-cü ildə 6,2%, 2025-2027-ci illərdə isə orta hesabla 3%-dən bir qədər yuxarı olacağı proqnozlaşdırılmışdır”, – deyə nazir bəyan edib.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 14-də davam etdiriləcək.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı